ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
Son iki həftədə amerikalı azərbaycanlılar ABŞ administrasiyasına, o cümlədən prezident Barak Obamaya, vitse-prezident Co Baydenə, dövlət katibi Hillari Klintona, həmçinin konqresmenlər və senatorlara 1211 məktub göndəriblər.
Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə USAN Azərbaycan diaspor təşkilatından məlumat verilib. Məktublar 1992-ci ildə erməni faşistlərinin törətdiyi Xocalı qətliamının tanınması və yad edilməsi məqsədilə göndərilib. Məktub müəllifləri qeyd edir ki, Azərbaycan xalqı 1992-ci il fevralın 26-da harada olduğunu unutmayacaq - necə ki, amerikalılar 2001-ci ilin faciəli 11 sentyabr səhərində harada olduqlarını unutmur. Bu arada Türkiyə və Azərbaycan diasporları son iki həftədə ABŞ hökumətinə, Konqres üzvlərinə, Nümayəndələr Palatası və Senatın Xarici Əlaqələr Komitəsinə 2436 məktub göndərib. Bu məktublarda Konqres üzvləri saxta "erməni soyqırımı"na dair qətnamənin əleyhinə səs verməyə çağırılıb. Qətnamə martın 4-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsə qoyulacaq.