.jpg)
"Azərbaycanda yol qəzasına uğramış İsrail vətəndaşlarına çox təcili və səmərəli yardım göstərilib". Bu açıqlamanı APA-ya İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem verib.
Səfir İsrail səfirliyinin əməkdaşları olan avtomobilin Ağsu rayonu ərazisində qəzaya uğramasının təfərrüatlarını açıqlayıb: "Qəzaya uğrayanlara köməyini əsirgəmədiyinə görə Dövlət Yol Polisi əməkdaşlarına, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, rayon xəstəxanası və Mərkəzi Klinik Xəstəxanasına öz minnətdarlığımı bildirirəm. Qəzaya uğrayanlara tibbi heyət tərəfindən həmin situasiyada edilə biləcək ən yüksək səviyyəli yardım edilib". Səfir hadisənin bazar günü baş verdiyini bildirib: "Maşını səfirliyin ikinci katibi Orya Barux idarə edib. Maşında onun xanımı Avital Barux və səfirliyin ikinci katibi xanım Arezu Xersel da olub. Qəza zamanı təhlükəsizlik yastığı açıldığı üçün Orea Barux demək olar ki, zədələnməyib. Hadisə onlar İsmayıllı istiqamətində hərəkət edən vaxt baş verib. Səfirliyin maşını əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub. Hadisəyə səbəb dumanlı hava olub. Hadisədən sonra yaralılar Şamaxı rayon xəstəxanasına aparılıb, orada onlara ilkin tibbi yardım edilib, sonra təcili yardım maşını onları Bakıya - Mərkəzi Klinik Xəstəxanaya çatdırıb".
Səfir yaralılar müayinə olunduqdan sonra travmaların xarakterinin müəyyənləşdirildiyini deyib: "Arezu Xersalın üz nahiyəsinin sümükləri zədələnib - burnu, göz yuvası ətrafındakı bəzi sümüklər sınıb. Avital Baruxun isə boyun hissəsində yerləşən 3 onurğa sümüyü zədələnib. Hər 3 İsrail vətəndaşı xüsusi aviareyslə İsrail həkimlərinin nəzarəti altında İsrailə göndərilib. Orada keçirilmiş təkrar tibbi müayinə zamanı Azərbaycan həkimlərinin qoyduğu diaqnoz təsdiqlənib".
İsrail səfiri hazırda yaralıların vəziyyətinin kafi-stabil olduğunu bildirib. "Avital Barux həkim nəzarəti altındadır, iki gündən sonra onu bu sahə üzrə mütəxəssis müayinə etməlidir. Arezu Xersel hələlik evə buraxılsa da, yaxın zamanlarda əməliyyat olunacaq".