.jpg)
Fevralın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmaqda təqsirləndirilən kriminal avtoritet Quliyev Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı Nəriman Ələkbərov ittiham aktını elan edib.
İttihama görə, 2009-cu ilin sentyabrın 19-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən ərazidə saxlanan R.Quliyevin üzərindən 20,192 qram heroin aşkarlanaraq götürülüb.
Təqsirləndirilən R.Quliyev ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O, dövlət ittihamçısının ona qarşı qərəzli olduğunu söyləyib: "Nəriman Ələkbərov mənə qarşı qərəzli mövqedə dayanıb. Vaxtilə məni günahsız yerə Cinayət Məcəlləsinin 120-ci maddəsilə ittiham edib. Təqsirim olmaya-olmaya bu cəzanı çəkmişəm. Ona görə də yenə mənə qarşı qərəzli olacağını düşünürəm".
R. Quliyev ona şər atdıqlarını bildirib: "Tutulmazdan əvvəl məni izləyirdilər. Tutandan sonra isə məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada mənə dedilər ki, bu heroini boynuna götür. Mən də dedim ki, bu mənim üçün damğadır, ləkədir. Yaxşı olar, silah verin mənə, gedim ondan yatım".
Qeyd edək ki, R.Quliyevin vəkili dövlət ittihamçısının dəyişdirilməsilə bağlı vəsatət qaldırıb. Məhkəmə heç bir əsas olmadığından vəsatəti təmin etməyib.
R.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsilə ittiham olunur.