İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
.jpg)
"Mən sözümü demişəm və bir daha təkrar edirəm ki, İran istər Qarabağ münaqişəsinin həllində, istərsə də digər məsələlərdə Azərbaycanın yanındadır".
Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslami Şura Məclisi sədrinin müavini Məhəmmədrza Bahünər deyib.
Vitse-spiker bildirib ki, onun dedikləri İran dövlətinin rəsmi mövqeyidir: "Özü də bu mövqeni ilk dəfə mən ifadə etmirəm. Ölkə prezidenti də dəfələrlə bəyan edib ki, İran və Azərbaycan yaxın, dost və qardaş ölkədir, həmişə Azərbaycana kömək etməyə hazırıq. Bu bizim rəsmi mövqeyimizdir".
M.Bahünər İranın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ərdəşir Cavadinin şərhinə də münasibət bildirib: "Adamlar bəzən düşünmədən danışırlar və çox söz deyirlər. Siz onlara fikir verməyin, bu həmişə olub, olacaq da... Mən Ərdəşiri tanımıram, heç sözünə də əhəmiyyət vermirəm".
Qeyd edək ki, M.Bahünər Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşündə İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ölkəsinin Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün beynəlxalq səviyyədə səylərini davam etdirəcəyini bildirib. İranın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ərdəşir Cavadi isə bunun M.Bahünərin şəxsi fikirləri olduğunu, dövlətin mövqeyinin yalnız prezident, xarici işlər naziri və Xarici İşlər Nazirliyinin Aparatı tərəfindən ifadə olunduğunu deyib.