.jpg)
Dünya Azərbaycanlıları Konqresi İranın son günlər Azərbaycana qarşı yürütdüyü təhdid siyasətinə etiraz olaraq, fevralın 22-də bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirdi. Amma həmin aksiyada Cənubi Azərbaycanda insan haqlarının müdafiəsi məsələsini özünün başlıca siyasi prioritetlərindən biri elan etmiş Azərbaycan Milli İstiqlal Partiyası və ya onun nümayəndələri gözə dəymədi.
Halbuki, əvvəllər İran Azərbaycana qarşı xarici siyasətdə qeyri-səmimi mövqe tutan hərəkətə yol verəndə və ya Cənubi Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulması faktlarına görə AMİP-çilər dəfələrlə İran səfirliyi qarşısında, hətta icazəsiz etiraz aksiyaları keçirməyə cəhd göstəriblər. Bu dəfə meydanda görünməmələrinin səbəbini isə AMİP sədrinin müavini Əli Orucovdan soruşduq.
Əli Orucov İranda Azərbaycan əleyhinə aparılan siyasi kampaniyanın diqqətdən kənarda qalmadığını və bu məsələ ilə bağlı partiyada müzakirələr aparıldığını dedi: "Son günlər İranda həm milli-azadlıq fəallarına qarşı repressiyaların güclənməsi, həm də Azərbaycan dövləti əleyhinə çıxışların təşkili bizi də narahat edir.
Təbrizdə Azərbaycan konsulluğu qarşısında dövlət bayrağımızın yandırılması bizdə çox böyük narahatlıq yaratdı. Biz İran hakimiyyətindən türklərə qarşı təqib və təzyiqləri durdurmağı tələb edirik. Bu məsələlər Milli İstiqlal Partiyasının diqqətindədir və müzakirələr aparılır. Bununla bağlı sərt münasibətimizi bildirmişik. Digər üsullara əl atılmasına gəlincə, bununla da bağlı qərar veriləcək.
Düşünürük ki, İran rejiminin son vaxtlar apardığı siyasət qəbuledilməzdir. Bu, həm beynəlxalq hüquqa, həm də İranın özünün konstitusiyasına ziddir.
O ki qaldı, AMİP-in fevralın 22-də İran səfirliyi qarşısında keçirilən aksiyada iştirak etməməsinə, həmin piket Dünya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunmuşdu.
Bununla bağlı bizə heç bir müraciət edilməmişdi və bizim də bu barədə məlumatımız yox idi. Zərurət yaranarsa, partiya məsələni gündəmə gətirə bilər".
İranın siyasətinə qarşı etirazın müxtəlif üsullarından istifadə oluna biləcəyini deyən Ə.Orucov bildirdi ki, hələlik müzakirələr başa çatmayıb. Onun fikrincə, ilk növbədə, İranda fundamental insan hüquqlarının qorunmasına nail olmaq vacibdir.