.jpg)
Türkiyənin siyasi gündəmini məşğul edən əsas hadisə fevralın 22-də polisin "Balyoz" istintaqı çərçivəsində hərbi çevriliş cəhdi ilə hakimiyyəti ələ keçirmək üçün ölkədəki məscidləri partlatmağı planlaşdıran 50-dək hərbçini həbs etməsidir. Ordunun elitasında bir vaxtlar yüksək vəzifələr tutmuş hərbçilərin həbsi hökumət-ordu münasibətlərini xeyli kəskinləşdirib.
Xatırladaq ki, yeni həbslərdə vaxtilə ölkənin ən nüfuzlu hərbi şəxsləri nəzarətə alınıb. Ankara, İstanbul və İzmirdə həyata keçirilən əməliyyatlar zamanı Baş Qərargah rəisinin keçmiş müavini, keçmiş 1-ci Ordu komandanı, ehtiyatda olan general Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, ehtiyatda olan admiral Özgen Ömek, ehtiyatda olan general Engin Alan və 10-larla polkovnik həbs olunub. Keçmiş hərbçilərin "Balyoz" əməliyyatında təqsirli bilinərək saxlandığı bildirilir. Məsələyə artıq dövlət səviyyəsində münasibət bildirilib. Prezident Abdulla Gül qeyd edib ki, belə bir həssas dönəmdə hər kəs səbrlə prosesin sonunu gözləməlidir. İspaniyada rəsmi səfərdə olan ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Türkiyədə baş verənlər barədə onunla səfərdə olan daxili işlər naziri Bəşir Atalaydan məlumat alıb. İspaniyalı həmkarı Xose Luis Sapatero ilə birgə keçirdiyi mətbuat konfransında çıxışını yarımçıq saxlayan Ərdoğan qeyd edib ki, məsələnin kökündə nəyin dayandığını bilmədiyi üçün konkret heç nə deyə bilməz. O, həbslərlə bağlı şərh verməkdən imtina edərək, yalnız onu bildirib ki, bu addım prokurorların əmrlərilə atılıb.
Hələlik isə o məlumdur ki, həbslər "Ergenekon işi" adını almış uzun sürən istintaqın bir hissəsidir. Bu planda iştirak edən dünyəvi elita simalarının siyasi İslam dinindən qaynaqlanan hakim AKP-ni devirməyə cəhd etdiyi0 iddia olunur. İndiyə kimi istintaq ərzində 200-dən çox adama qarşı ittiham irəli sürülüb.
Türkiyə müxalifəti isə artıq baş verənlərə etiraz nümayiş etdirir. Ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal bildirib ki, demokratik cəmiyyətlərdə bu cür hadisələr yaşana bilməz: "Baş verənlər Türkiyədə nə hüququn, nə demokratiyanın işlədiyini göstərir. Sanki Türkiyə işğal altındadır. Az əvvəl cəmiyyətdə ən mötəbər insanlar hesab edilən, vaxtilə vətənə xidmət sahəsində böyük qabiliyyətlər nümayiş etdirən insanların birdən-birə terrorçu kimi suçlanmasının altında nələrin yatdığını ictimaiyyət yaxşı təxmin edir". CHP-nin digər təmsilçisi Mustafa Özürəyin də məsələyə münasibəti sərt olub. Onun sözlrinə görə, baş verənlər bütün ölkə və ordu üçün qorxuncdur: "Bir anda 100-dən çox zabit tutulur və cəmiyyətdə xof yaratmaq istənilir. Biz "Ergenekon işi"nin siyasi xarakterli olduğunu əvvəldən demişik. Baş verənlər bunu bir daha təsdiq edir. Elə təsəvvür yaranır ki, AKP Türk Silahlı Qüvvələrini ləğv edib, yerində dinə bağlı ordu qurmaq istəyir. Belə getsə, orduda xidmət verəcək zabit qalmayacaq, sanki bütün ordu terrorçu kimi göstərilir. İnsanları dəstə-dəstə tutub Silivriyə doldururlar, Silivri, sanki savaş zamanı əsirlərin toplandığı düşərgədir".
Dünya mediası isə baş verənləri AKP hökuməti ilə dünyəvilik tərəfdarı olan qüvvələr arasında çəkişmə kimi dəyərləndirir.
Xatırladaq ki, "Balyoz" məsələsi hələ ötən ay AKP iqtidarına yaxın olan "Tərəf" qəzeti tərəfindən gündəmə gətirilib. Həmin vaxt qəzet yazırdı ki, 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının təkbaşına iqtidara gəlməsindən narahat olan Türkiyə Silahlı Qüvvələri içərisindəki bir qrup 1980-ci il sentyabrın 12-dəki "Bayraq hərəkatı"nı örnək alaraq çevriliş planı hazırlamağa başlayıb. "Tərəf"in iddiasına görə, çevrilişə hazırlıq toplantılarının səs yazılarından bu toplantılara qatılan yüksək rütbəli hərbçilərin qeydlərinə, "çox gizli" şifrəli rəsmi hərəkat əmrlərindən çevriliş üçün zəmin hazırlama məqsədi daşıyan "Çarşaf", "Saqqal", "Suga" və "Oraj" kod adlı əməliyyat planlarına, çevriliş zamanı həbs ediləcək və əməkdaşlıq ediləcək şəxslərin siyahılarından çevriliş sonrası icra ediləcək hökumət planına qədər bütün detallar bilgisayarda toplanıb.
2002-ci ilin sonunda başlayan və 2003-cü ilin martına qədər davam edən planın 5000 səhifədən çox olduğu, plana o zaman birinci ordu komandanı general Çətin Doğanın rəhbərlik etdiyi bildirilir. İddia olunur ki, general Doğan 2003-cü ildə birinci ordunun plan seminarlarının proqramında dəyişiklik edərək, ölkə daxilində təhdidi xarici təhdiddən önə çıxarıb, bunun məqsədi isə hazırlanan "Balyoz" planını pərdələmək olub. Plan tamamilə 12 sentyabr çevrilişi modelilə hazırlanıb - öncə ölkədə fövqəladə vəziyyət rejimi elan etmək üçün Yunanıstanla gərginliyin artırılması, irtica tərəfdarlarının ordu əleyhinə fəaliyyətlərə təhrik edilməsi, hökumət və parlament üzərində təzyiqlərin gücləndirilməsi, Egey dənizində yunanlarla müharibə provokasiyasının hazırlanması, hətta bir türk təyyarəsinin vurulması, "cübbəli, sarıqlı, çarşaflı" adamların İstanbulun mühafizəkarlığı ilə tanınan Fatih və Kadıköy səmtlərində aksiyalar təşkil etməsi və Hava Muzeyinə hücum etməsi, parlamentin binası üzərindən hərbi təyyarələrin uçurulması yolu ilə psixoloji təzyiq göstərilməsi, məscidlərə hücumların təşkil olunması, insanların öldürülməsi kimi vahiməli addımların həyata keçirilməsi nəzərdə tutulub. Ordu isə bütün bunların cəfəngiyat olduğunu bildirir.