Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daşkəsəndə baş vermiş meşə yanğını ilə bağlı məlumat yayıb
.jpg)
2010-cu il fevralın 21-də saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişafı Departamentinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisi olan 5 saylı dolayının 29-cu kvartalında yanğın hadisəsi baş verib.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıq və kollardan ibarət ərazidə baş vermiş yanğın 0,75 hektar sahəni əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib. Yanğın qısa müddət ərzində Daşkəsən MMBM-in kollektivi və yaxın kəndlərin sakinlərinin operativ səyləri nəticəsində söndürülüb. Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılan ilkin araşdırmalara görə, yanğına (yanğının baş verdiyi ərazi yaşayan məntəqələrindən uzaq olduğundan və gediş-gəliş olmadığından) ovçuların atdığı söndürülməmiş siqaret kötüyü səbəb olub. Son zamanlar respublika ərazisində hava şəraitinin küləkli olmasını nəzərə alaraq ETSN meşə və yaşıllıqları qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələri qorumağa çağırır.