Yaxın iki ayda Azərbaycanda geni dəyişdirilmiş ərzaqları yoxlayan laboratoriya qurulacaq
Fazil Talıblı: "Təəssüf ki, bəzi mətbuat orqanları bizim rəyimizi öyrənmədən qorxu yaradan məlumatlar yayır"
.jpg)
Azərbaycanda istehlakçıların geni dəyişdirilmiş məhsullardan istifadə etməsilə bağlı alim və mütəxəssislər həyəcan təbili çalmaqdadır. Belə meyvə və tərəvəzlər, sosiska və kolbasalar, uşaq qidaları, digər məhsullara yalnız istehlak bazarında rast gəlinmir. Tərkibinə müxtəlif canlıların, o cümlədən insanın geni vurulmuş məhsullar həm də toxum kimi Azərbaycana gətirilərək burada istehsal olunur.
Genetik Modifikasiya Olunmuş orqanizmləri müəyyən edən laboratoriyaların mövcud olduğu ölkələrdə belə məhsulları müəyyən etmək asan olur. Azərbaycan kimi ölkələrdə isə GMO bazara asanlıqla daxil olur. Ekspertlər bunun əsas səbəblərindən biri kimi "Genetik Modifikasiya Olunmuş Məhsullar haqqında" Qanunun mövcud olmamasını göstərir. "APA" İNformasiya Agentliyi bununla bağlı mətbuatın dünənki sayında xüsusi araşdırma da yayıb. Orada qeyd edilir ki, Azərbaycana xaricdən gətirilmiş kartofların 80 faizi, İrandan gətirilən pomidorların 70 faizi, ümumilikdə ölkəyə gətirilən məhsulların 90 faizi, soyaların 98 faizi, qarğıdalıların 70 faizi, çuğundurların 60 faizi, qarpızların isə hamısı GMO tərkiblidir. Lakin onların tərkibinin təhlükəli olduğunu və insan orqanizminə vurduğu zərəri müəyyənləşdirmək üçün mütləq ölkədə xüsusi laboratoriyalar olmalıdır. Bu məhsulların GMO olduğu yalnız həmin laboratoriyalarda sübuta yetirilə bilər.
Bununla bağlı qəzetimizə açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev hazırda ABŞ-dan bir qrup mütəxəssisin bu məqsədlə Azərbaycana dəvət olunduğunu dedi: "Biotəhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanun layihəsi var. Qanun qəbul olunduğu halda normativ aktlar hazırlanacaq. həmin normativ aktlardan biri də bu sahədə elmi-tədqiqat laboratoriyalarının təşkil olunması, ekspertizaların həyata keçirilməsidir. Bunsuz modifikasiya edilmiş məhsullar haqqında fikir yürütmək mümkün deyil. Həmin qanun layihəsilə bağlı ABŞ-ın USAİD təşkilatının mütəxəssisləri Bakıdadır və öz tövsiyələrini verir".
İ. Abdullayev, bu Azərbaycanda yeni bir sahə olduğuna görə, qanun layihəsinin hazırlanmasına təkliflər verməyin xüsusi peşəkarlıq tələb etdiyini deyir və qeyd edir ki, Gigiyena və Epidemiologiya Mərkəzi də öz təkliflərini parlamentə göndərib. Amma bu məsələyə dair daha dəqiq fikirləri alimlər söyləyə bilər: "Qanunun və onun elementlərinin adları Avropa İttifaqı qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. ABŞ və Avropa İttifaqı təşkilatları da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün bu qanunun tezliklə qəbul olunmasını istəyir. Amma bu bir səhiyyə təşkilatının işi deyil. Onunla həm də genetiklər, kənd təsərrüfatı işçiləri məşğul olacaq. Genetik Modifikasiya Olunmuş məhsulların becərilməsi, yem kimi istifadə olunması, toxum kimi daşınması, əkilməsi, həmin ərazilərin qorunması uzun bir prosesdir".
İ.Abdullayevin sözlərinə görə, məhsulların GMO tərkibli olub-olmadığını yoxlamaq üçün tənzimləmə aktı olmalıdır. Bu aktı isə laboratoriya analizi əsasında əldə etmək olar. Ona görə də qanun qəbul olunmadan hər hansı fikir söyləmək mümkün deyil.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə problemin yaxın vaxtlarda öz həllini tapacağını bildirdi: "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Almaniyanın "Geogen" şirkətilə müqavilə üzərində işləyir. Həmin şirkət Genetik Modifikasiya Olunmuş məhsullar üzərində işləməklə məşğul olur. Yaxın iki ay ərzində bu laboratoriyanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qurulması təmin ediləcək. Hazırda bizim mütəxəssislər bu sahədə iş aparır. Bundan başqa, geni dəyişdirilmiş məhsullar haqqında Azərbaycan Respublikasının qanunu da yoxdur. Biz Avropa Birliyinin "TACİS" proqramı çərçivəsində bu qanun layihəsi üzərində işləyirik və başa çatdırıb müvafiq qurumlara göndərmək üzrəyik. Ona görə də hər iki proses paralel həyata keçiriləcək. Həm laboratoriyanın qurulması, həm də qanun layihəsinin Milli Məclisə təqdim olunması tarixi təxminən eyni olacaq".
F.Talıblı bildirdi ki, qanun qəbul olunmadan da laboratoriya quraşdırmaq mümkündür. Amma qanun olmasa, laboratoriyanın aşkar etdiyi faktlar ciddi əhəmiyyət daşımaya bilər. Ona görə də bu proses paralel həyata keçiriləcək: "Toxumçuluq haqqında" Qanun var, "Gen Mühəndisliyinin Təhlükəsizliyinin Risqləri haqqında" Qanunverici akt var ki, orada geni dəyişdirilmiş məhsullarla bağlı xüsusi müddəalar öz əksini tapıb. Ölkə əhalisinin etibarlı ərzaq məhsulları ilə təminatına dair cənab prezidentin imzaladığı fərmanda da bu məsələ öz əksini tapıb və bizə işin başlanğıcı üçün bizə bu sahəni nəzarətə götürməyə imkan verir. Onu da deyim ki, bu laboratoriya qurulduğu andan biz Azərbaycanda istehsal olunan və Azərbaycana idxal olunan məhsulların genetik tərkibini araşdırmaq üçün kütləvi monitorinqlərə başlayacağıq. Hansı məhsulların geninin neçə faiz dəyişidirildiyi müəyyənləşdiriləcək. Bu göstərici 0,9 faiz olmalıdır".
F.Talıblı Azərbaycana idxal olunan GMO-larda bu göstəricinin 1,1 faiz təşkil etməsi barədə məlumatlarla razılaşmır":Çox təəssüf ki, bəzi mətbuat orqanları bizim rəyimizi öyrənmədən əhalidə qorxu yaradan məlumatlar yaymağa başlayıb. Məncə, əhalidə ciddi xof yaratmağa ehtiyac yoxdur. Hansı laboratoriya müəyyən edib ki, Azərbaycana 1.1 faiz geni dəyişidirilmiş məhsullar gətirilib? Bizdə bunu müəyyən edən nə laboratoriya var, nə qanun. Mən qəzetdən oxudum ki, kartofa əqrəb geni vurulur və sairə, amma dövlət orqanı olaraq, bizdə belə bir məlumat yoxdur. Yalnız laborator analizlərin nəticələri əlimizdə olduqdan sonra konkret fikir söyləyə bilərik".