Nazirlik və dövlət komitələrinin Bakı şöbələri ləğv edilir
Bütün səlahiyyətlər nazirliklərə həvalə olunacaq
Bir neçə nazirlik və komitənin Bakı şəhərində fəaliyyət göstərən şöbələri ləğv ediləcək. "OLAYLAR"ın məlumatına görə, artıq bununla bağlı nazirliklərə xüsusi tapşırıqlar verilib.
Həmin tapşırıqlara əsasən, nazirlik və komitələrin Bakı şəhərində fəaliyyət göstərən şöbələri ləğv edilməli və həmin səlahiyyətlər birbaşa nazirliklərə verilməlidir. Səbəb həmin şöbələrin Bakı şəhərində ayrıca binaları zəbt etməsi və əlavə iş görməməsidir. Məlumata görə, bu cür şöbə və mərkəzlərin fəaliyyəti araşdırılıb və qurumların büdcədən boş yerə maliyyələşdiyi meydana çıxıb. Məlum olub ki, həmin mərkəz və şöbələrin işini nazirliklər özləri həyata keçirə bilər. Nazirlik və dövlət komitələri Bakıda fəaliyyət göstərdiyindən həmin şöbə və mərkəzlərin fəaliyyəti artıq hesab edilib. Elə bu məqsədlə də həmin mərkəz və şöbələrin fəaliyyətinin dayandırılması və qurumun ləğv edilərək yerləşdiyi binalardan çıxarılması barədə qərar qəbul edilib. Mənbə bildirir ki, Bakı şəhər Baş Təhsil İdarəsinin Bakı şəhər təhsil şöbəsi də məhz bu məqsədlə ləğv edilib. Yaxın günlərdə isə digər bu cür obyektlər ləğv ediləcək.