.jpg)
İsveçrə Konfederasiyasının İnterlaken şəhərində Avropa Şurası ölkələri ədliyyə nazirlərinin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) gələcəyinə dair konfransı keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ölkənin AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib.
Konfransın açılış mərasimində İsveçrənin ədliyyə və polis naziri Evelin Vidmer-Şlumpf, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞ Parlament Assambleyasının sədri Mevlud Çavuşoğlu, AİHM sədri Jan-Pol Kosta, Avropa Şurasının komissarı Tomas Hammarberq çıxış edib. Konfransda İnsan Hüquqları üzrə Avropa Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair daha effektiv mexanizmlərin müəyyən edilməsi, AİHM-nin səmərəsinin artırılmasına dəstək və bu kimi digər aktual məsələlər müzakirə edilib. Avropa Məhkəməsinə daxil olan şikayətlər çıxarılan qərarlardan qat-qat çox olduğundan, tarazlığın təmin olunması məqsədilə təcili tədbirlərə böyük ehtiyac olduğu vurğulanıb. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkədə İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi üzrə görülən işlərdən danışıb.
Konfransın sonunda Avropa və yerli səviyyələrdə tədbirlərə dair fəaliyyət planını əhatə edən siyasi Bəyannamə qəbul olunub.