Beynəlxalq Diaspor Mərkəzi Belarus, Polşa və Çexiyaya "Xocalıya ədalət" harayı salıb
Vaqif Arzumanlı, Gülər Əhmədova da Çexiyadadır
İKT Gənclər Forumunun "Mədəniyyətlərarası dialoq" layihəsinin baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasına dəstək olaraq Beynəlxalq Diaspor Mərkəzi millət vəkili Gülər Əhmədova ilə birlikdə Belarus, Polşa və Çexiyanın universitetlərində rektor-müəllim heyətinin iştirakı ilə dəyirmi masalar, görüşlər keçirir.
Millət vəkili Gülər Əhmədovanın APA-ya verdiyi məlumata görə, heyət fevralın 18-dən 20-dək Belarus Dövlət İqtisad Universitetində, Yanka Kupala adına Qrodno Dövlət Universitetində, Baranoviç Dövlət Universitetində dəyirmi masalar, parlamentin üzvü Svetlana Piş ilə rəsmi görüş, Baranoviç şəhər icra hakimiyyətində, Şəhər Şurasında görüşlər keçiriblər. Görüşlərdə çıxış edən "Diasporun səsi" jurnalının baş redaktoru, professor Vaqif Arzumanlı, millət vəkili Gülər Əhmədova kampaniya haqqında geniş məlumat verib. Heyətin Polşa və Çexiyada keçirəcəyi tədbirlərə dünən start verilib.