Sumqayıtda valyutadəyişmə məntəqəsi əməkdaşının qətlə yetirilməsilə bağlı DİN-də əməliyyat müşavirəsi keçirilib
.jpg)
Fevralın 20-də Sumqayıtda bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı dünən əməliyyat müşavirəsi keçirilib.
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində keçirilən müşavirəyə daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov sədrlik edib. Müşavirədə fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevin ölümü, atası İsmayıl Balayevin isə ağır yaralanması ilə nəticələnən ağır cinayət hadisəsinin üstünün açılması istiqamətində həyata keçirilən əməliyyat tədbirlərindən danışılıb. Nazir müavini məlum cinayət hadisəsinin açılması istiqamətində zəruri tapşırıqlarını verib.
Dünən Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da Sumqayıt şəhərində baş vermiş silahlı basqınla bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 20-də saat 7:30 radələrində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevin naməlum şəxs tərəfindən "Makarov" tipli tapança ilə qəsdən öldürülməsi, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələrilə cinayət işi başlanıb. Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.