Elmira Süleymanova beynəlxalq təşkilatlara Xocalı faciəsi ilə bağlı dəhşətli rəqəmlər göndərdi
Xatın, Sonqmi, Xocalı...
.jpg)
Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar bəyanat verib.
Bəyanatda bildirilir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir".
Ombudsman xatırladıb ki, "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət nəticəsində qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülüb, misli görünməmiş qəddarlıqla diri-diri yandırılıb, başlarının dərisini soyulub, gözləri çıxarılıb. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb".
E.Süleymanova bəyan edib ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Həmin qətliam Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməlidir: "Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib. Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək, onlar öz doğma yurduna dönməli, əsir və girovlar azad olunmalı, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir".