Azərbaycanın Milli Qəhrəmanlarına aid sayt açıldı
Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş www.milliqahraman.az adlı saytın təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva saytın yaradılmasını çox önəmli hadisə adlandırıb.
Saytın onun təşəbbüsü ilə yaradıldığı deyən millət vəkilinin sözlərinə görə, bundan sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız milli qəhrəmanlar haqqında saytdan ətraflı məlumat əldə edə biləcək. Tədbirdə çıxış edən deputat Həvva Məmmədova milli qəhrəmanlarımız haqqında məlumatları istər ölkə, istərsə də dünya ictimaiyyətinə çatdırmağın çox böyük vətənpərvərlik olduğunu deyib: "Bütün dünyanın Azərbaycanın milli qəhrəmanları haqqında məlumat əldə edə bilməsi üçün saytın ingilis dilində versiyasının hazırlanması vacibdir. Nəzərə almalıyıq ki, bizim internet saytlarımızı həm düşmənlərimiz, həm də dostlarımız oxuyur. Qoy, hər kəs Azərbaycanın necə qəhrəmanlarının olduğunu bilsin". Saytın yaradılması işinə böyük dəstək göstərmiş AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev isə bildirib ki, saytda 210 Milli Qəhrəman haqqında ətraflı məlumat yerləşdirilməklə yanaşı, Xocalı soyqırımını əks etdirən materiallar da əksini tapacaq. O, saytın bir neçə günə tam istifadəyə veriləcəyini, yaxın vaxtlarda saytın ingilis dili versiyasının hazırlanacağını deyib. R.Əliquliyevin sözlərinə görə, saytdan Azərbaycanın ermənilər tərəfindən əsir və girov götürülmüş 4459 vətəndaşı, müharibə nəticəsində fiziki sağlamlığını itirmiş 44 mindən çox insan, o cümlədən şəhid olmuş 22 mindən artıq soydaşımız haqqında da məlumat əldə etmək mümkün olacaq.