.jpg)
Müsavat Partiyasının rəhbərliyilə Liberal Partiyanın (ALP) rəhbərliyi arasında yaranmış narazılığı aradan qaldırmaq üçün bir neçə gün öncə tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu təşəbbüslə çıxış etmişdi. Bildirmişdi ki, iki partiya rəhbərlərini barışdırmaq üçün tərəflərlə görüşəcək.
"Müsavat Partiyası və Liberal Partiyanın rəhbərləri arasında münaqişənin yaranması mənə əzab verir. Mətbuatda onların bir-birinin ünvanına kəskin çıxışlar etməsi insanlarda ümidsizliyi daha da dərinləşdirir.
Ona görə də mən planlaşdırıram ki, martın əvvəlində Müsavat Partiyası ilə ALP rəhbərlərini, o cümlədən digər müxalifət partiyalarının rəhbərliklərini bir araya yığım.
Həmin yığıncağa qədər isə bir neçə nəfərlə görüşüb, bu partiyaların, xüsusilə də Müsavat və ALP liderlərilə görüşəcəyik.
Hazırkı konfliktli vəziyyətin aradan qaldırılması və münasibətlərin normallaşması üçün bu addımları mütləq atmalıyıq" deyə N.Cəfəroğlu qeyd etmişdi.
N.Cəfəroğlunun bu təşəbbüsü müxalifət düşərgəsində birmənalı qarşılanmamışdı.
Belə fikirlər səsləndirilmişdi ki, həm Müsavat Partiyasının, həm də ALP-nin rəhbərləri siyasətdə kifayət qədər püxtələşib. Bu mənada, kimlərinsə onları barışdırmasına ehtiyac yoxdur.
Dünən vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün N.Cəfəroğlu ilə əlaqə saxladıq.
Cəfəroğlu bizimlə söhbətində bildirdi ki, sözügedən təşəbbüsündən geri çəkilir: "Bu məsələ artıq mənə lazım deyil.
Özləri ağıllı adamlardır, gedib barışsınlar. Təşəbbüs irəli sürmüşdüm, indi isə geri götürürəm. Vəssalam!".
Cəfəroğlu təşəbbüsünü geri götürməsinin səbəblərini açıqlamadı. Sadəcə bildirdi ki, onun barışdırıcı missiya ilə çıxış etməsinə ehtiyac duyulmur.