.jpg)
Bakının Binəqədi rayonunda yaşayış evi partlayıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, srağagün səhər saat 06.00 radələrində Binəqədi kəndində Elmir Məhərrəmova məxsus iki mərtəbəli yaşayış evində baş vermiş partlayış nəticəsində ev tamam dağılıb.
Evdə gözətçi işləyən 1959-cu il təvəllüdlü Xoşbəxt Babayev dağıntılar altında qalıb.
Dünən Fövqəladə Hallar Nazirliyi partlayışla bağlı məlumat yayıb. APA-nın Nazirliyin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, fevralın 22-si saat 05:39-da Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, hadisə nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3 kv/m sahədə yanıb. Yanğın saat 06:00-da söndürülüb. Bir nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlamasında partlayışa, ilkin versiya olaraq, qaz sızmasının səbəb olduğunu bildirib. Qeyd edək ki, partlayış baş verən bina Binəqədi rayon Yol Təmir-Tikinti İdarəsinə məxsusdur.
Elə dünən FHN-çilər tərəfindən dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, meyiti çıxarılan şəxs həmin binada gözətçi işləyən 1959-cu il təvəllüdlü Xoşbəxt Babayevdir. X.Babayevin meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
İlkin versiyalara görə, güclü yanğın qaz partlayışından baş verib. Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Sultanrəşidqızının APA-ya bildirdiyinə görə, artıq baş vermiş hadisə ilə bağlı Cinayət məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir. Lent.az məlumatına görə, dağıntılar altında qalan Xoşbəxt Babayevin həyat yoldaşı Maxanım Babayeva bildirib ki, həyat yoldaşı Binəqədi Yol Tikinti İdarəsinə məxsus inzibati binada gözətçi olmayıb. X.Babayev həmin binada usta kimi çalışıbmış: "Həyat yoldaşım idarənin işçisi deyildi, usta idi. Bir az işi qalmışdı".