Egey dənizində batan gəmidə bir azərbaycanlı da olub
Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları, yaxşı ki, vaxtında gəldilər
Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları Azərbaycan vətəndaşını xilas edib. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, ötən gecə Egey dənizində batmaq üzrə olan "Alborada" yük gəmisinin ekipajı Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas olunub.
Ekipaj 4 Rusiya və 1 Azərbaycan vətəndaşından ibarət olub. Ekipaj üzvlərinin vəziyyəti normaldır.
Azərbaycanın Yunanıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, xilas olunan şəxs 1984-cü il təvəllüdlü Mikayıl İsmayılovdur. Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşı özünü normal hiss edir. Hazırda səfirlik bu məsələni öz nəzarətində saxlayır. Xatırladaq ki, Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları batmaqda olan gəminin beş nəfərlik ekipajını xilas etməyə müvəffəq olub. Xilas olunanlardan dördü Rusiya, biri Azərbaycan vətəndaşıdır. Onlar əvvəlcə Rodos adasındakı xəstəxanaya çatdırılıb və ilkin müayinədən sonra xəstəxanadan buraxılıblar. Gəmi Tilos adasından 5 mil şimal-şərqdə, Pirey limanından 220 mil məsafədə aşkarlanıb. Komor adaları bayrağı altında üzən gəmi Bolqarıstandan Türkiyəyə siqaret daşıyırmış.