.jpg)
Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Bu barədə APA-ya Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədən məlumat verilib. Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işinin məhkəmə istintaqının aparılması hakim İslam Neymanova həvalə olunub. Hazırlıq iclasının vaxtı isə hələlik müəyyənləşməyib.
İttihama görə, generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
Bundan başqa, Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2009-cu ilin mart ayında general R.Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R.Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.
Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.