.jpg)
Ötən bələdiyyə seçkilərində iştirak etmiş müxalifət partiyaları nəticədə fərqli və təəccüblü göstəricilərlə razılaşmalı oldular. Özünün sosial bazası və imkanları ilə öyünən və ana müxalifət adına iddialı olan partiyaların heç 10 üzvü bələdiyyə üzvü ola bilmədi.
Amma taktiki cəhətdən seçkilərə daha ciddi şəkildə hazırlaşmış siyasi partiyalar müəyyən uğurlar qazana bildilər.
Siyasi partiyaların seçkilərdəki nəticələri barədə mətbuatda kifayət qədər məlumat verilib. Qeyd edək ki, seçkidən sonra bələdiyyələrin böyük əksəriyyətinin tərkibi, komissiyaları formalaşıb. Görəsən, müxalifət partiyaları üzvlərindən hazırda bələdiyyə sədri olan varmı?
Bu suala cavab tapmaq üçün bir neçə müxalifət partiyasının funksionerlərilə söhbətləşdik.
AMİP təşkilat katibi Nazim Ələsgərov bizimlə söhbətində bildirdi ki, onların cəmi 1 üzvü bələdiyyə sədridir: "Lerikin kənd bələdiyyəsinin sədri AMİP üzvüdür. Ümumilikdə 16 nəfər AMİP adından bələdiyyəyə üzv seçilib. 20 nəfər isə bitərəf kimi seçkilərdə qələbə qazanıb".
Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat katibi Xəzər Teyyublu 200-dən çox partiya üzvünün bələdiyyə seçkilərində iştirak etdiyini söylədi: "Bizim üzvləri qeydiyyata almadılar. Cəmi 3 nəfər bələdiyyə üzvümüz var". X.Teyyublu qeyd etdi ki, Biləsuvarda bir nəfər KXCP üzvü bələdiyyə sədridir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Elçin Mirzəbəyli isə qeyd etdi ki, onların partiyasından 94 nəfər bələdiyyəyə üzv seçilib. Amma bələdiyyə sədri olanı yoxdur.
Vətəndaş və İnkişaf Partiyasından 27 nəfər qeydiyyatı alınsa da, bələdiyyə üzvü seçiləni olmayıb. Partiya funksioneri Büllur Hümbətovun sözlərinə görə, hakimiyyət onların üzvlərinə bələdiyyə üzvlüyünü də çox görüb. Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bələdiyyə seçkilərində iştirak etdiklərini, amma seçilə bilmədiklərini dedi: "Bizim heç bir üzvümüz bələdiyyəyə seçilə bilməyib. Ona görə də, bələdiyyə sədri olan partiya üzvümüz yoxdur".