Bakıda daha bir möhtəşəm istirahət mərkəzi sökülür
Şıx qəsəbəsindəki villa-koteclər seysmik zonada yerləşirmiş
Bakıda tikilməkdə olan istirahət mərkəzi sökülmək təhlükəsilə üz-üzə qalıb. Bu barədə "OLAYLAR"a etibarlı mənbədən məlumat veriblər. Məlumata görə, söküləcək istirahət mərkəzi Səbail rayonu ərazisində yerləşir.
Daha doğrusu, həmin istirahət mərkəzi Səbail rayonunun Şıx qəsəbəsi ərazisində yerləşən villa-koteclərdir. Mənbənin dediyinə görə, bir müddət əvvəl maddi problemə görə tikintisi dayandırılan istirahət mərkəzinin daha bir problemi ortaya çıxıb. Artıq istirahət mərkəzi sökülmək təhlükəsilə üzləşib. Mənbənin dediyinə görə, bir ay öncə ərazidə aparılan monitorinq zamanı həmin villalar insan həyatı üçün təhlükəli hesab edilib. Monitorinq zamanı məlum olub ki, əsasən yamac hissədə yerləşən həmin istirahət mərkəzinin ərazisi seysmik zonadır. Buna görə də bu ərazidə istirahət mərkəzinin fəaliyyət göstərməsi qadağan edilib. Mənbə deyir ki, məsələ ilə bağlı istirahət mərkəzinin sahibinə də xəbərdarlıq edilib. Amma obyekt sahibi monitorinqin qərarı ilə razılaşmayıb və qərarın ona qarşı təzyiq vasitəsi olduğunu bildirib. Nəticədə maraqlı bir fakt ortaya çıxıb. Məlum olub ki, obyekt sahibi istirahət mərkəzini inşa etdirməzdən əvvəl aidiyyəti qurumlardan rəsmi icazə alıb və həmin ərazinin seysmik ərazi olmaması barədə rəy alıb. Amma bir neçə ildən sonra həmin ərazinin seysmik zona olması barədə qərarın açıqlanması aranı qarışdırıb. Mənbə deyir ki, obyekt sahibinin cəhdlərinə baxmayaraq, monitorinq qrupunun qərarını ləğv etmək mümkün olmayıb. Obyektin tamamilə köçürülməsi barədə qərar verilib və yaxın günlərdə işə başlanacağı bildirilib.