.jpg)
Azərbaycan Təhsil Nazirliyinin 4 nəfər əməkdaşı təqaüd yaşına çatdığı üçün öz ərizəsilə tutduğu vəzifədən azad olunub.
Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bunlar nazirliyin şəhərlər üzrə ümumtəhsil şöbəsinin müdiri Arif Muradov, şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin baş məsləhətçisi Əlvan Səfərov, ümumi şöbənin müdiri İdris Mirzəyev, onun müavini Tumruz Cuvarlıdır. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya bildirib ki, təqaüd yaşına çatmış əməkdaşlar təhsil sektorunda müvafiq işlərlə təmin olunacaq: "Bizim onların hər birinə hörmətimiz var. İndiyədək də təhsil sahəsində böyük işlər görüblər. Onların gücündən, potensialından bundan sonra da istifadə olunacaq". Şöbə müdiri deyib ki, Təhsil Nazirliyinin icra aparatı çevik qurum olduğundan, burada daha gənc, müasir tələblərə, texnologiyalara cavab verən şəxslər işləməlidir.
B.Hüseynzadə deyib ki, artıq işdən çıxarılmış şəxslərdən 2 nəfəri müvafiq işlə təmin olunub. Şəhərlər üzrə ümumtəhsil şöbəsi ləğv olunaraq, ümumi təhsil şöbəsilə birləşdirilib. Bu şöbəyə rəhbərlik etmiş Arif Muradov Təhsil Muzeyinə direktor müavini göndərilib. Şəhərlər üzrə ümumtəhsil şöbəsinin əvəzinə isə akkreditasiya şöbəsi yaradılıb. Artıq yeni yaradılmış şöbəyə təyinat da olub. Təhsil sahəsində tanınmış alim Həbib Zərbəliyev bu şöbəyə rəhbərlik edəcək. İ.Mirzəyev APA-ya bildirib ki, təqaüd yaşı çatdığından, öz ərizəsi ilə işdən çıxıb. Artıq 70 yaşının olduğunu deyən İ.Mirzəyev ona münasib işlə təmin olunacağı ilə bağlı söz verildiyini deyib. İ.Mirzəyevin sözlərinə görə, hazırda onun vəzifəsini müavini əvəz edir. Ə.Səfərov isə APA-ya bildirib ki, Təhsil Nazirliyində bu prosesin getməyi təbiidir: "Mənim artıq 70 yaşım var. Bundan sonra fəaliyyətimi daha çox metodiki işdə, məsləhətçi kimi davam etdirəcəyəm". Qeyd edək ki, Təhsil Nazirliyindəki kadr dəyişikliyi haqqında "Yeni Müsavat" qəzetinin dünənki sayında məlumat verilib.