Heydər Əliyev adına sarayın arxasında hələ sökülməmiş bir evin davası qızışır
.jpg)
Heydər Abbasov və onun üç övladı ailələrilə birlikdə Şəmsi Bədəlbəyli küçəsi 83 ünvanında yerləşən evlərindən zorla çıxarıla bilər.
Fevralın 23-də Nəsimi Rayon Məhkəməsi hakim Kəmaləddin Bədəlovun sədrliyilə Bakı şəhər İcra Hakimiyyətinin Abbasova qarşı sonuncunun evdən çıxmaqdan imtina etməsilə bağlı iddiasına baxacaq. Bu barədə "Turan"ın müxbirinə Heydər Abbasov bildirib.
Dörd ailənin üzvlərinin ümumilikdə sayı 13 nəfərdir.
Abbasov evdən çıxmaqdan imtina etməsini kompensasiyanın çox kiçik olması ilə izah edir. "Biz 1969-cu ildən burada qeydiyyatdayıq. "Qonşulara hər kv. metr üçün 2500 manat ödəyiblər, bizə isə maksimum 2 min dollar təklif edirlər", deyə Abbasov bildirib.
Öz növbəsində, Şəhər İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi "Turan"ın müxbirinə bildirib ki, il yarım ərzində bu ərazidən 200-dən çox ailə köçürülüb. "Abbasovlar və Heydər Əliyev ad. saraydan Füzuli meydanına qədər ərazidə yaşayan bütün digər sakinlər istənilən halda evlərindən çıxarılacaq" - deyə o bildirib.
Vaxtilə "tədbirlilik" nümayiş etdirib, vaxtında evlərini tərk edənlər hər kv. metr üçün 3,5 min manat alıblar. Lakin maliyyə böhranı ilə əlaqədar büdcə xərcləri azaldılıb və indi artıq bu qədər ödənilmir. "Hazırkı kompensasiya ilə razılaşmayanlar gələcəkdə bunu da almaya bilər" - deyə məmur qeyd edib. Onun sözlərinə görə, kompensasiya məbləği hər kv. metr üçün 1,2 min dollara qədər kiçildilə bilər.
Dövlət Şəhərsalma və Memarlıq Komitəsindən "Turan"a bildiriblər ki, əvvəldən Bakı şəhərinin Baş Planında (1985-ci il) Dəmir Yolu Vağzalından Azərbaycan Dövlət Dram Teatrına qədərki bütün ərazi park - Qış bulvarının salınması üçün ayrılıb.
Bu arada, Heydər Abbasov bu günkü məhkəməyə hazırlaşır. Onun sözlərinə görə, hökumət nəinki qiymətləndirmə komissiyası yaratmayıb, hətta sakinlərə, Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulduğu kimi, 80 gün əvvəldən evdən çıxarılma barədə bildiriş verməyib. Bunun əvəzində onun iki oğlu öyrədilmiş xuliqanlar tərəfindən döyülüb, evdə işıq, qaz və su kəsilib. Hətta Abbasovların yaşadığı evin yandırılmasına cəhd olunub.