Bakıda 550 minə yaxın maşının 85 faizi...
.jpg)
Məlum olduğu kimi, son bir neçə gündə diqqət hədəfində olan məsələlərdən biri də köhnə avtomobillərlə bağlıdır. Belə avtomobillərin ölkəyə gətirilməsinə ilin ikinci yarısından etibarən qadağa qoyulacağı ilə bağlı yayılan məlumatlar, rəsmilər tərəfindən verilən açıqlamalar hələlik köhnə maşın biznesilə məşğul olanların işinə yarayıb.
Avtomobil ticarətilə məşğul olanlar deyir ki, son bir neçə gündə bazarda maşınla maraqlananlar artıb. Avropadan gətirilən avtomobil ticarətində canlanma daha çoxdur. Müşahidəçilər bunu iyulun 1-dən "Avro-2" standartlarına cavab verməyən maşınların ölkəyə buraxılmayacağı ilə bağlı xəbərlərlə əlaqələndirir. Ancaq ekspertlər əhalini sakitləşdirməyə çalışır. Belə ki, araşdırmalardan məlum olur ki, əslində son vaxtlar Azərbaycana gətirilən avtomobillərin, demək olar, 95 faizi "Avro-2" standartına cavab verir. İş burasındadır ki, artıq Avropada "Avro-2" standartına cavab verməyən maşın qalmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Sadiq Şirəliyev İctimai Televiziyaya açıqlamasında bununla bağlı qeyd edir: " Avropada 92-95-ci illərdən yeni avro standartına keçməyə başlanıb. 92-ci ildən bəri buraxılan avtomobillər "Avro-2" standartına uyğundur. Amma Yaponiyada istehsal olunan avtomobillərdə bu başlanır 97-ci ildən, Koreyada buraxılanlar 2000-ci ildən. Rusiyada, hardasa 2005-2006-ci ildən tədricən başlanıb".
Statistikaya əsasən, Azərbaycana Yaponiya və Koreyadan gətirilən köhnə maşınlar çox azdır. Əvəzində Rusiyadan həddindən çox maşın gətirilir. Deməli, qadağa daha çox Rusiya maşınlarının ixracına təsir edəcək.
Ancaq "Avro-2" standartı təkcə avtomobillə bağlı deyil. Burda avtomobilin işlətdiyi yanacaq daha önəmlidir. İndi avtomobil tüstüsünə tətbiq olunan ekoloji standartlar da yanacağa uyğundur. Qeyd edək ki, avtomobilin ixrac qazında 280-dən çox zərərli maddə var.
Avtomobil mütəxəssisləri deyir ki, indiki vəziyyətdə avtomobil, hətta "Avro-5" standartına cavab versə də, Azərbaycandakı yanacaqla işləyəndə onun tüstü borusundan çıxan tullantılar heç "Avro-2"yə də cavab vermir. Avro standartına uyğun maşınlardakı tüstü filtri - katalizator Azərbaycan benzininin təsirindən tez sıradan çıxır. Ən böyük problem isə dizel yanacağı ilə bağlıdır. İndi dünyanın əksər ölkələri, ucuz və qənaətli olduğuna görə, dizel mühərrikli avtomobillərə üstünlük verir. Ancaq hələlik MDB ölkələrində, o cümlədən Azərbaycanda istehsal olunan dizel yüksək standartlara cavab vermədiyindən, onun üstünlüyündən istifadə olunmur.
Maşın istehsalçılarının çoxu Azərbaycan üçün dizel maşınlarını məsləhət görmür. Çünki MDB ölkələrində istifadə olunan dizel yanacaqlarında su və ya kükürd qarışığı olur.
Bu qarışıqlar da həmin sistemin sıradan çıxmasına səbəb olur. Onu da qeyd edək ki, tüstü filtrlərini dəyişmək 750-1000 manata başa gəldiyindən, əksər avtomobil sahibləri onu birdəfəlik çıxarıb atmağa üstünlük verir.
Yanacağın keyfiyyətinə gəlincə, Dövlət Neft Şirkətində bildirirlər ki, Azərbaycanda istehsal olunan neft məhsulları "Avro-2" standartlarına tam cavab verir.
Zavodlarda aparılan yenidənqurma isə yanacağı "Avro-3" standartına uyğunlaşdıracaq. Ancaq indi Avropada tətbiq olunan "Avro-5" standartına cavab verən yanacağı Azərbaycanda istehsal etmək üçün böyük vəsait tələb olunur. Neft Şirkəti isə maliyyə cəhətdən bu işin reallaşmasının hələlik mümkün olmadığını bildirir.
Bununla belə, artıq məlumdur ki, Azərbaycanda avtomobil nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanıb.
Xatırladaq ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov prezident yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə çıxışında bildirib:
"Sovet dövründə Azərbaycan atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon ton həcmində atırdısa, hazırda bu göstərici 38 milyon tona enib.
Lakin 70 milyon tonun içində nəqliyyatın payı 4,5 milyon ton idisə, bu gün artıq 38 milyon tonun 14-15 milyon tonu təkcə nəqliyyatın payına düşür".
Nazir onu da deyib ki, bu problemin həlli üçün avtomobil nəqliyyat vasitələrindən atmosferə atılan zərərli tullantılara dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanıb və yaxın vaxtlarda qüvvəyə minəcək: "Bu plana əsasən, artıq bu il "Avro-2" standartlarına keçid nəzərdə tutulub.
Yeni neft-qaz emalı kompleksinin tikilməsi nəticəsində Azərbaycanda istehsal olunacaq yanacaq-sürtkü materialları "Avro-5" standartlarına cavab verəcək ki, bu da artıq "Avro-3" və "Avro-4" mərhələlərini adlayaraq, birdəfəlik "Avro-5" standartlarına keçməyə imkan yaradacaq".
Onu da bildirək ki, hazırda Bakıda qeydiyyata alınmış 549 min 511 avtomobilin 80%-i "Avro-3" və "Avro-4 standartlarına cavab vermir.