.jpg)
Qondarma "erməni soyqırımı" ilə əlaqədar olaraq Türkiyə və ABŞ arasında hadisələrin inkişafı olduqca maraqlı xarakter almaqdadır. Bununla bağlı Türkiyənin "Türktaym" portalında yer alan məqalədə göstərilir ki, ABŞ Konqresinin 139 üzvü prezident Barak Obamanın hələ dövlət başçısı seçilməzdən əvvəl seçkiqabağı vədlərini əsas götürərək "erməni soyqırımı"nın Konqres tərəfindən hazırlanması üçün sənəd hazırlayıb:
"Bu sənəd martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılacaq. Erməni diasporu bu istiqamətdə gördüyü işlərdə qarşıya qoyduğu məqsədə sonuncu dəfə 2007-ci ildə çox yaxın olub. Həmin vaxt "soyqırım"la bağlı sənəd, 21 əleyhinə, 27 səs lehinə olmaqla, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunaraq qanunverici orqanın gündəminə salınmışdı. Lakin bu dövrdə Türkiyənin məsələyə çox sərt reaksiya verməsi və ABŞ-dakı səfirini geri çağırması Buş administrasiyasının Ankara ilə münasibətlərin qorunub saxlanması üçün Konqresə təzyiqinin artmasına gətirib çıxardı. Bu səbəbdən o dövrdə "soyqırım"la bağlı sənəd qanunverici orqanın gündəminə salınmadı. Lakin bu dəfə hazırlanan yeni sənədin Xarici Əlaqələr Komitəsindən keçərək qanunverici orqanın gündəminə daxil edilməsi ehtimalı kifayət qədər böyükdür. Bu ehtimalın yüksəlməsinin səbəblərindən biri də Türkiyə və İsrail arasında son aylarda artan gərginlikdir".
"Türktaym" daha sonra yazır ki, ABŞ-ın öndə gələn nüfuzlu yəhudi lobbiləri bu il l Vaşinqtonun qondarma "erməni soyqırımı"nı tanımasına mane olmaq fikrində deyil və Ankaraya "gedin, başınıza çarə qılın" - deyə mesaj verib. Türkiyənin "Vatan" qəzetinin Amerikanın nüfuzlu lobbi təşkilatları arasında apardığı sorğu nəticəsində o da məlum olub ki, yəhudilərin bu cür qərar verməsi Türkiyə-İsrail münasibətlərində bir müddət əvvəl yaranmış gərginliklə izah olunur.
"Doğrudur, biz qətnamələrin qəbulu prosesində iştirak etmirik. Lakin artıq prosesə mane olmağa da çalışmayacağıq", - deyə Amerikanın yəhudi lobbisinin təmsilçilərindən biri qeyd edib. AIPAC adlanan təşkilatının nümayəndəsinin mövqeyi isə daha konkret olub: "Bu il qətnamənin qəbuluna mane olmaq üçün barmaq tərpətməyi belə düşünmürük".
"Türktaym" yazır ki, yəhudi lobbisi Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Firidun Sınırlıoğlu ilə ABŞ-da keçirdikləri görüş zamanı da ona eyni mövqeni çatdırıblar.
O da bildirilir ki, Türkiyə tərəfi, qondarma "erməni soyqırımı" məsələsilə bağlı sənəd Nümayəndələr Palatasının gündəliyinə daxil ediləcəyi təqdirdə, Ankara və Vaşinqton arasında münasibətlərin ciddi zərər görəcəyini bəyan edir. İstisna olunmur ki, Türkiyə, belə olacağı halda, ABŞ-dakı səfirini geri çağıracaq.
Belə vəziyyət Türkiyə və Ermənistan arasında münasibətlərin sonrakı inkişafına da təsirsiz ötüşməyəcək. Bundan isə daha çox Ermənistanın əziyyət çəkəcəyi vurğulanır. Türkiyəli siyasi ekspert Efe Cananın "Zaman" qəzetində dərc olunan məqaləsində qeyd edilir ki, regionda sülhə təhlükə törədən digər məqam Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ problemidir. Ermənistanın 23 avqust 1990-cı ildə qəbul etdiyi Müstəqillik Aktında 1915-ci il hadisələrinin "soyqırım" olaraq qiymətləndirildiyini və Şərqi Anadolunun Qərbi Ermənistan olaraq xarakterizə edildiyini diqqətə çatdıran ekspert vurğulayıb ki, Müstəqillik Aktında əksini tapan bu müddəalar Ermənistan Konstitusiya Məhkəməsinin qərarında da yer alıb.
Bütün bunlara baxmayaraq, Türkiyə tərəfindən Ermənistanın müstəqilliyinin tanındığını deyən E.Canan söyləyib ki, Dağlıq Qarabağ münaqişəsi üzündən Türkiyə 1993-cü ildə Ermənistanla diplomatik əlaqələri kəsib və sərhədi bağlayıb.
Siyasi ekspert mövcud vəziyyətdən, daha çox, Ermənistanın zərər gördüyü qənaətindədir: "Ermənistan bölgədən, eləcə də dünyadan böyük ölçüdə təcrid olub.
Ermənistan şüurlu olmayan bu siyasətilə özünü hər cür regional əməkdaşlıqdan məhrum edib. Bakı-Tiflis-Ceyhan (BTC) neft boru xətti kimi iqtisadi layihədən faydalana bilməyən Ermənistan iqtisadi mənada kasıb, təcrid olunmuş mövqeyilə xarici sərmayənin maraqları xaricində olan problemlərin məngənəsində boğulan ölkədir".
Türkiyə parlamentində protokolların ratifikasiyasının işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasından sonra mümkünlüyünü qeyd edən ekspert bildirib ki, ilk olaraq sərhədlər açılarsa və Dağlıq Qarabağ problemi həll edilməsə, sərhədlərin yenidən bağlanması gündəmə gələ bilər: "Unudulmamalıdır ki, sərhədlərin açılmasına Ermənistanın çox böyük ehtiyacı var.
Vəziyyətin bu şəkildə davamı Cənubi Qafqazda sülhə təhlükə yaratmaqla bərabər, Ermənistanın da bataqlıqdan çıxmayacağı anlamına gəlir".
Ermənistan-Türkiyə sərhədinin açılmasının əhəmiyyətini Beynəlxalq Valyuta Fondunun Ermənistandakı təmsilçisi Mark Levis də dilə gətirib. SİA-nın məlumatına görə, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bu ölkəyə böyük iqtisadi fayda olacağını qeyd edən Fondun nümayəndəsi bildirib ki, Ermənistanın dünya okeanına çıxışı olmadığından, nəqliyyat xərcləri artır: "Sərhədlər açılarsa, nəqliyyat xərcləri azalar, idxal məhsullarının qiymətləri düşər və nəticədə əhalinin yaşayış səviyyəsi yüksələr". Levis həmçinin bildirib ki, Ermənistanın xarici borcunun miqdarı çox yüksəkdir. Qeyd edək ki, Ermənistan 2013-2014-cü ildən etibarən dövlət büdcəsinin 20%-ni xarici borcun ödənilməsinə yönəldəcək.