.jpg)
"Azadlıq" blokunun parlament seçkilərilə bağlı hazırlıq işləri yubanır. Belə bir ləngimənin olmasına təəssüf edirəm". Bu açıqlamanı APA-ya "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib.
Bu ləngimənin seçkilərdə iştirak edəcək seçki blokunun tərkibinin müəyyənləşdirilməsilə bağlı olduğunu deyən Ə.Əliyev bildirib ki, təşkilati işlər nə qədər tez yekunlaşsa, texniki məsələlərə, namizədlərin uzlaşdırılmasına, seçki blokunun təşkililə bağlı lazımı işlərin görülməsinə daha çox vaxt qalar. Demokratiya Uğrunda İttifaqın "Azadlıq" blokuna etdiyi təklifə hər hansı cavabın verilməməsi, Müsavat Partiyasının isə müsbət cavab verməsinə gəldikdə, Ə.Əliyev bu təklifi normal qiymətləndirdiyini vurğulayıb: "Mən hətta tərəfdarıyam ki, DUİ ilə Müsavat məsləhətləşmələrə başlasın. Çünki DUİ-nin irəli sürdüyü təklif Müsavat tərəfindən müsbət dəyərləndirilib. Bu isə "Azadlıq" blokunda aparılan müzakirələrə heç bir təsir göstərə bilməz. Biz bu cür məsləhətləşmələri öz müzakirəmizə maneə kimi görmürük".
"Azadlıq" blokunun bu təklifə hansı cavabı verəcəyi barədə əvvəlcədən bir söz deyə bilməyəcəyini bildirən Ə. Əliyev qeyd edib ki, onların situasiyanı dəyərləndirməsi təkliflər prizmasından olmayacaq: "Biz məsələyə başqa cür yanaşırıq. Belə ki, 4 ildir Azərbaycanda yürütdüyümüz siyasətin transformasiya olunması ilə məşğuluq və çalışırıq ki, "kimlərlə bir yerdə ola bilərik" sualına cavab tapaq. "Kimlərlə bir yerdə olmağımız 4 ildə yürütdüyümüz siyasətə zərər gətirə bilməz" tezisini əsas götürüb qərarımızı verəcəyik".