.jpg)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan duzların keyfiyyət və təhlükəsizliyinin laborator müayinəsinə başlayıb. İstehlak bazarını normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan duzdan qorumaq məqsədilə aparılan müayinələrin nəticələri artıq bəllidir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aparılmış müayinələr nəticəsində Binəqədi rayonu, Novxanı yolu, 7-ci kilometr ünvanında fəaliyyət göstərən "Hikmət" MMC-də istehsal edilən və kağız qutulara qablaşdırılmış 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, "Ekstra" xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu müəyyən edilib. Bununla əlaqədar "Hikmət" MMC-də duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanmış və müəssisənin anbarında olan 1-ci növ xörək duzundan və "Ekstra" xörək duzundan nümunə götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinəsi zamanı 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, "Ekstra" xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu təsdiqlənib.
Dövlət Xidməti tərəfindən normativ-texniki sənədlərin tələblərinə cavab verməyən duzların satışının dayandırılması və ticarət şəbəkəsindən geri qaytarılması barədə "Hikmət" MMC-yə icrası məcburi göstəriş verilib.