Kənd Təsərrüfatı Nazirliyi qeyri-müəyyən reaksiya versə də, Aydın Vəliyev məlumatı təsdiqlədi
Vahid Məhərrəmov isə...
.jpg)
Kommersiya banklarının, əvvəlki illərdən fərqli olaraq, bu il heyvandarlığın inkişafına daha çox kredit ayırması barədə ötən saylarımızdan birində məlumat vermişdik. Lakin bankların fermerlərlə hətta müəyyən güzəştlərə söykənən bu əməkdaşlığı quşçuluq sahəsində müşahidə olunmur.
Ölkədə fəaliyyət göstərən broyler təsərrüfatlarının hamısı, demək olar ki, öz gücünə işləyir. Xatırladaq ki, 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyi Yanında Kreditlər üzrə Dövlət Agentliyinin xəttilə quşçuluq təsərrüfatlarının inkişafına 552 min manat mikrokreditlər ayrılmışdı. 2010-cu ildə nə qədər vəsait ayrılması barədə suala cavab almaq üçün müraciət etdikdə isə KTN-dən bildirdilər ki, quşçuluq təsərrüfatlarına ayrılan kreditlər müxtəlif layihələr üzrə verilir. Həmin kreditlərin məbləğini isə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığın İnkişafına Kömək Milli Fondundan öyrənmək olar. İqtisadi İnkişaf Nazirliyindən isə bu barədə sualımızı cavablandıran tapılmadı.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qəzetimizə açıqlamasında bankların broyler təsərrüfatlarına kredit verməkdə maraqlı olmadığını təsdiqlədi: "Buna səbəb sığorta şirkətləridir. Onlar quşu sığorta etməyi risqli addım hesab edirlər. Banklar da sığorta olunmamış sahəyə kredit vermək istəmir. Banklar həm də verdiyi kreditin müqabilində yüksək dəyərdə girov tələb edir. Bu da quşçuluğun imkanlarına uyğun deyil. Amma heyvandarlıq gəlirli sahədir. Onu quşçuluqla müqayisə etmək olmaz. Ona görə də banklar heyvandarlığa kredit ayırır".
A.Vəliyev hazırda ölkədə 22 broyler təsərrüfatının hamısının fəaliyyətini davam etdirdiyini dedi.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, "Vaxtilə bu sahəyə yüksək kapital qoyuluşu baş verdi. Məsələn, "Mərdəkan Broyler" hər kəsin yaxşı xatirindədir. Amma sonra bu müəssisənin çökməsinin əsas səbəblərindən biri bazarda istehlakçı tələbatının zəif olması oldu. Çünki bizim istehlakçılar dondurulmuş toyuq ətindən istifadə etməyə öyrəşməyib. İndi təklifin tələbi üstələməsi problemi bütün ölkə üzrə mövcuddur. Sahibkarlar da quşçuluğu əldə saxlamağa çalışırlar ki, bəlkə gələcəkdə fayda verdi. Bu sahədə əsas problemlər yemçilikdə, dərman preparatlarının, yumurtanın hələ də xaricdən alınıb gətirilməsindədir. Bu da məhsulun maya dəyərini artırır. Hətta bəzi sahibkarlar təsərrüfatını saxlamaq üçün Bakı şəhərindəki evlərini girov qoyub kredit götürüb. Sahibkarlar tanıyıram ki, kreditləri qaytara bilmədiyinə görə müflis olub, bankla mübahisəsi məhkəmə həllini gözləyir. Amma bu sahənin inkişafı üçün kreditlər və iri həcmdə subsidiya ayrılmalıdır, dövlət özü avadanlıqların alınıb gətirilməsini təmin etməlidir. Əks halda, quşçuluğu inkişaf etdirmək mümkün olmayacaq".
Xatırladaq ki, Respublika Quşçular Cəmiyyəti ötən ildən etibarən Azərbaycana idxal olunan quş yeminə tətbiq olunan əlavə dəyər vergisinin ləğvi təklifini irəli sürüb.
Lakin Dövlət Gömrük Komitəsi bu halda dövlət büdcəsində boşluq yaranacağını bildirərək təklifin əleyhinə çıxdı. V.Məhərrəmov isə hesab edir ki, dövlət tərəfindən ayrıla biləcək subsidiyaların həcmi yüksək olarsa, ƏDV aradan qaldırılmadan da quşçuluğu inkişaf etdirmək olar: "Sahibkarlara ayrılan subsidiya çox cüzidir.
Mən həmişə deyirəm ki, Avropada kənd təsərrüfatının inkişafı üçün sərf olunan vəsait adambaşına 1000 avro olduğu halda, bizdə 10 manatdır.
Bizim də həm quşçuluğun, həm də digər sahələrin inkişafı üçün sanballı subsidiya ayırmaq imkanımız var".
Qeyd edək ki, banklar son vaxtlar uzunmüddətli təsərrüfat sahəsi sayılan üzümçülüyə də kredit ayırdıqları halda, cəmi 30 günə yetişən broyler toyuqlarına vəsait vermək istəmir. V.Məhərrəmov isə bildirir ki, bunun səbəbi quşçuluğun marketinqindəki problemlərlə bağlıdır: "Qısa müddətdə ciddi problemlər meydana çıxır. Broylerlərin xəstələnməməsi, onların sağlam yetişməsi üçün mühit yaranmalıdır. Bunun üçün lazım olan texnologiya isə çox vəsait tələb edir. Bank mütəxəssisləri də gözəl bilir ki, orada yüksək gəlir əldə etmək mümkün deyil. Banklar da çalışır ki, krediti gəlirli sahəyə ayırsın".