.jpg)
Əhalini dəhşətli GMO qidalarından qoruya biləcək 3004 saylı prezident fərmanı niyə indiyədək icra olunmayıb?
Son günlər Azərbaycanda Geni Dəyişdirilmiş Məhsullarla (GMO) bağlı polemikalar artıb. Sadə Azərbaycan vətəndaşı üçün nə qədər anlaşılmaz olsa da, bizi gözləyən təhlükənin böyük olduğu faktdır. Bazarlardan, mağazalardan alıb yediyimiz, övladlarımıza yedirdiyimiz məhsulların tərkibinin nədən ibarət olduğunu bilmiriksə, deməli, doğrudan da laboratoriyalarda üzərində eksperiment aparılan sınaq siçovulları rolundayıq.
GMO nədir?
Geni Modifikasiya Olunmuş (dəyişdirilmiş) orqanizm (GMO) müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin genlərinin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu orqanizmlərin əldə edilməsi zamanı heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. GMO-nun yaradılması üzərində ilk eksperimentlər XX əsrin 70-ci illərində başlayıb. 1992-ci ildə Çində pestisidlərə dözümlü olan tütün becərilməyə başlanıb. 1994-cü ildə isə ABŞ-da daşınmalara dözümlü olan GMO pomidorlar peyda olub. Həmin dövrdən GMO bütün dünyada daha sürətlə irəliləməyə başlayıb. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli genetik modifikasiyalaşdırılmış məhsullardan istifadə edir. GMO istehsalının zərərli təsirilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun sınaq siçovullarına bir müddət genetik modifikasiyalaşdırılmış məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qara ciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıblar. Siçovullar öz morfologiya və biokimyasına görə insana çox oxşar olduğundan, laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. Puştainin həmin bəyanatının doğurduğu etirazlar səbəbindən o, çalışdığı Rouet elmi-tədqiqat institutundan kənarlaşdırılıb. Lakin maraqlıdır ki, Puştainin həmkarı Stenli Yuen onun eksperimentlərinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib.
Hamı dəhşətli təhlükədən xəbərdar olmalıdır
GMO sahəsində uzun illərdir araşdırmalar aparan müstəqil ekspert Babək Tatlıyev APA-ya deyib ki, dünyada GMO məhsullarının sürətli istehsalı 1992-ci ildən başlayıb. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Bu məhsullar daha çox Şimali Amerikada istehsal olunur. B. Tatlıyev deyib ki, Azərbaycanda GMO sahəsində lazımi araşdırmalar aparılmayıb. Qərb kompaniyalarının transgen məhsullarla bağlı ekspansiyası qısa müddət ərzində başladığından, tək Azərbaycan deyil, dünyanın bir çox ölkəsi buna müqavimət göstərməyə hazır deyil: "Lakin hamı bu təhlükələrin mahiyyətindən xəbərdar olmalıdır. İndiyədək qabaqlayıcı tədbirlər ona görə görülməmişdi ki, informasiya qıtlığı var idi. Azərbaycanın özündə GMO-nun nə olduğunu bilən tək-tək adam var. Bu sahədə əsas məsuliyyət alimlərin və mətbuatın üzərinə düşür. 2005-ci ildə dünyanın 84 ölkəsindən 825 alim Avropa Birliyinin Ərzaq Təhlükəsizliyi Agentliyinə GMO-nun təhlükəliliyilə bağlı məktub göndərib. Azərbaycanda isə hələ indiyədək alimlər bu sahədə həyəcan təbili çalmayıb". B.Tatlıyevin sözlərinə görə, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər, bəzi növ uşaq qidalarıdır: "Bu məhsullar Azərbaycana daha çox İrandan, Rusiyadan, Gürcüstandan daxil olur. Amerikadan gətirilən qidaların, ABŞ-dan, Kanadadan, Argentinadan idxal olunan yemlərin də çoxu transgendir. Təsəvvür edin, kartoflara soyuğa və xəstəliyə davamlı olması üçün, əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartofa, onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidorlara və çiyələklərə isə, soyuğa və şaxtaya davamlı olması üçün, kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Dovşanlara, qaçanda işıq saçsınlar deyə, meduza geni əlavə edirlər. Hətta donuzlara insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində ənənəvi dinlərin nümayəndələrində ciddi etirazlar yaradıb. Hazırda bununla bağlı Qərb ölkələrində ciddi polemikalar gedir. Bütün bunlar onu göstərir ki, gen mühəndisliyi nə qədər "rəngarəngdir". Ekspert çıxış yolunu bu məhsulların Azərbaycan bazarına daxil olmasını qanunvericilik baxımından maksimum qaydada məhdudlaşdırmaqda görür.
"Qanun olmadığından biz hər hansı sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmişdir, ya yox?"
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, Azərbaycanda "Genetik modifikasiya olunmuş məhsullar haqqında" qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil: "Buna görə də biz hansısa sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmişdir, ya yox? Bu məsələdə hər hansı qadağa, ya tənzimləyici norma olmadığına görə, hər hansı tələb də irəli sürmək mümkün deyil. Bu məhsulların insan orqanizminə gələcək təsirləri barədə indidən fikir söyləmək çətin məsələdir. Biz istəyirik ki, Azərbaycanda bu sahədə tezliklə qanun qəbul olunsun, GMO-nu araşdıran elmi laboratoriyalar açılsın. Bu, çox qlobal bir işdir, xırda məsələ deyil". İ.Abdullayevin sözlərinə görə, genetik dəyişdirilmiş məhsullarla bağlı araşdırmalar aparmaq tək GEM-in görə biləcəyi iş deyil.
Bölmə müdiri deyib ki, Azərbaycan prezidentinin ölkə əhalisinin etibarlı ərzaq təminatı ilə bağlı (2008-2015-ci illər) 3004 saylı fərmanı var. Azərbaycan Nazirlər Kabinetində həmin fərmandan irəli gələn Tədbirlər Planı hazırlanıb. Həmin fərmanda genetik modifikasiya olunmuş məhsullarla bağlı bənd də yer alıb. Bu məhsulların ekspertizasının aparılması, onlara dair tələblərin qoyulması fərmanda əksini tapıb. Lakin qanun qəbul olunmadığından, hələ bu məhsullar haqqında ciddi tədbirlərə əl atmaq mümkün deyil.
Azərbaycana gətirilən pomidorun 90 faizi GMO məhsuludur
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov APA-ya bildirib ki, AİB Avropa Komissiyasının Azərbaycandan başqa yeddi ölkədə maliyyələşdirdiyi "Biomüxtəlifliyin qorunmasında istehlakçı təşəbbüsü" layihəsini yekunlaşdırıb: "Bu layihə çərçivəsində tədqiqatlar aparmışıq. Məlum olub ki, Azərbaycan bir neçə beynəlxalq sənədə, o cümlədən 2005-ci ildə Kartaxen protokoluna qoşulub. Biotəhlükəsizlik haqqında olan bu protokola ümumilikdə 150-dən artıq ölkə qoşulub. Yəni Azərbaycan genetik modifikasiya olunmuş orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılması, risqlərin qiymətləndirilməsi, onun yayılmasının, kommersiya məqsədilə istifadə olunmasının qarşısının alınması üçün üzərinə öhdəliklər götürüb. Lakin təəssüf ki, Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar nəzarətdən çıxıb. Yəni, bir növ, cin şüşədən çıxıb, onu şüşəyə qaytarmaq mümkün deyil. Azərbaycanda GMO əkinçilik var, GMO toxumçuluq var. Xaricdən gətirilmiş kartofların 80 faizi, İrandan gətirilən pomidorların 70 faizi, ümumilikdə ölkəyə gətirilən pomidorların 90 faizi, soyaların 98 faizi, qarğıdalıların 70 faizi, çuğundurların 60 faizi, qarpızların isə, demək olar ki, hamısı GMO məhsuludur. Əkilir, biçilir və ətraf mühitə nəzarətsiz yayılır. Məlumdur ki, GMO bitkiləri ətraf mühitə nəzarətsiz yayılanda təbiətin biomüxtəlifliyini pozur, digər aborigen bitkiləri sıradan çıxarır. GMO barədə alimlərin fikri birmənalı deyil. GMO-nu dünyada irəlilədən Amerikanın "Monsanto" şirkətidir. Hansı ki, keçmiş Amerika prezidentləri onun şərikləridir. O şirkət bütün dünyaya GMO-nu yayır. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) isə, Amerikanın əlində alət olaraq, GMO-nun bütün dünyada yayılmasına xidmət edir". E.Hüseynovun sözlərinə görə, 2007-ci il iyulun 13-də Azərbaycanda qəbul olunmuş "Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında" Qanunda Azərbaycanda GMO-nun yayılmasına yaşıl işıq yandırılıb: "Baxmayaraq ki, Azərbaycan beynəlxalq sənədlərlə öz üzərinə öhdəliklər götürüb. Qanun qəbul ediləndə biz radikal çıxış etdik ki, Azərbaycanda GMO məhsullarının gətirilməsinə qadağa qoyulsun. Amma ÜTT kimi böyük qurumun qarşısında Azərbaycan acizdir. Buna görə də GMO Azərbaycanda irəliləyir. Onu ətraf mühitdən yığışdırmaq isə artıq mümkün deyil. Azərbaycan artıq GMO-nun əsiridir".
Azərbaycanda GMO məhsullarını müəyyən edən bircə laboratoriya da yoxdur
Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev də APA-ya deyib ki, hazırda Azərbaycanın bazarları müxtəlif yollarla gətirilən GMO məhsullar və onların çeşidlərilə doludur: "Biz bu problemi əhali arasında tam açıqlığı ilə qabartmasaq, problem daha da böyüyəcək. Hazırda Azərbaycanda GMO məhsullarını aşkar edən laboratoriya, hətta GMO-nu təsdiq edən kiçik metodlar belə yoxdur. Bu təklif dəfələrlə yüksək dairələrdə qaldırılıb. Əhali nə yediyini bilməlidir. Əhali arasında müxtəlif allergik reaksiyalar, mədə-bağırsaq xəstəlikləri, cürbəcür patologiyalar yaranır. Həkimlərin özləri də xəstəliyin mənşəyini tapmaqda çətinlik çəkir. Problem son dərəcə ciddidir. Mütəxəssislərin fikrincə, hazırda dünyada üç qlobal problem var: ozon dəliyi, atom bombası və GMO. Azərbaycan unikal əraziyə malikdir. Bu gün ölkəyə heç bir yolla GMO məhsullarının gətirilməsinə imkan vermək olmaz. Bu məhsullar Azərbaycanın biomüxtəlifliyinə dəyən ziyanın çeşidini artıra, biomüxtəlifliyin itirilməsinə, müxtəlif səviyyədə ətraf mühitin zəhərlənməsinə gətirib çıxara bilər. İnsan sağlamlığının qorunması sahəsində büdrəyə bilərik. Artıq hamımız qəbul etməliyik ki, yediyimiz qidaların hamısının tərkibi pisə doğru dəyişib". E.Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda GMO məhsullarının gətirilməsini qadağan heç bir qanun yoxdur. Yalnız "Toxumçuluq Haqqında" Qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi qəti qadağandır. Müstəsna hal kimi bu məhsullar sərgilərdə, qapalı şəraitlərdə təcrübə aparmaq üçün gətirilə bilər: "Amma bilirsiniz ki, qaçaqmalçılıq yolu ilə, humanitar yardım yolu ilə, ən müxtəlif yollarla işgüzar adamlar, kommersantlar bu məhsulları Azərbaycana gətirir. Qanunların olmaması vəziyyətin nəzarətdən çıxmasına səbəb olur. Əhalini sevmək lazımdır. İnsan nə yeyirsə, ona da oxşayır". E.Əliyevin sözlərinə görə, Azərbaycanda GMO sahəsində əsas problem laboratoriyanın olmamasından yaranır: "Hazırda Ukraynada 5 laboratoriya var. Almaniyada isə yüzlərlə belə laboratoriya fəaliyyət göstərir. Uzun illərdən sonra Rusiya da bu laboratoriyanı əldə edib. Azərbaycan isə hazırda "açıq qapı" formasında fəaliyyət göstərir. Bu laboratoriyalar Azərbaycanda quraşdırılmalı, onlarla işləyə bilən mütəxəssislər hazırlanmalıdır". Mütəxəssis deyib ki, Azərbaycanda "Gen mühəndisliyi zamanı təhlükəsizlik haqqında" qanun layihəsi hazırlanıb: "Bu qanunda laboratoriya haqqında xüsusi maddə var. Ümid edirik ki, bu qanun qəbul olunacaq. Bu, çox bahalı laboratoriya da deyil. 70-80 min manat Azərbaycan üçün nə böyük puldur ki?"
ÜTT-yə üzvlük xatirinə zəhər yeməkdə davam etməliyik
Azərbaycan Milli Məclisinin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov isə APA-ya bildirib ki, hələlik Azərbaycanda GMO-nu tənzimləyən ayrıca qanun yoxdur. Lakin müxtəlif qanunlarda olan maddələr bu məsələni qismən tənzimləyir. 2007-ci ildə qəbul olunmuş "Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında" Qanunun 6.5-ci maddəsində göstərilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsin. Qanunun 19.9-cu maddəsində də göstərilir ki, alıcıların seçim hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir. Həmin qanunun 18.4-cü maddəsində isə qeyd olunur ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqqında məlumatlar əksini tapmalıdır. "Toxumçuluq Haqqında" Qanunda da göstərilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsinə yol verilmir. E.İbrahimov deyib ki, Rusiyada GMO ilə bağlı ayrıca qanun var. Hətta Moskva meri Yuri Lujkovun qərarı var ki, bütün istehsal olunan məhsulların üzərində GMO-nun olub-olmadığı yazılsın: "Təəssüf ki, bizdə bu yoxdur. GMO-nun olub-olmadığını yoxlamaq üçün Azərbaycanda laboratoriya və mütəxəssis olmalıdır. Lakin bu da yoxdur. Bazara bu məhsullar açıq şəkildə daxil olur. Rusiyadan, digər ölkələrdən gələn məhsulların üzərində bu yazılar qeyd olunmur". Komitə sədri deyib ki, Azərbaycan öz qanunvericiliyində GMO-dan istifadəni ÜTT-yə üzvlük səbəbindən qadağan edə bilməyib: "Təşkilatın belə bir müddəası var ki, hansı məhsulun insan orqanizminə mənfi təsiri əsaslandırılmış qaydada sübut olunmursa, onun idxalına qadağa qoyula bilməz. GMO-nun mənfi təsirini də hələlik sübut eləmək mümkün deyil. Bunun üçün müəyyən müddət keçməlidir. Ancaq ilkin olaraq müəyyən nəticələr özünü göstərir. Xüsusən də uşaqlarda mədə-bağırsaq xəstəlikləri, immun sisteminin zəifləməsi baş verir. GMO tətbiqi zamanı məhsuldarlıq çox olur. Əsasən belə məhsulları aclıq çəkən ölkələrə göndərirlər. Bu, daha çox, kommersiya xarakteri daşıyır. Azərbaycanın özündə istehsal edilən məhsulların hamısı ekoloji təmiz məhsullardır. Bu cür məhsulu qoyub, biz nəyə görə həmin məhsulları almalıyıq? 50-yə yaxın ölkə artıq bunu qadağan edib. ÜTT-yə üzv olandan sonra biz də qanuna dəyişiklik edə bilərik". Komitə sədri deyib ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə işi çox aşağıdır. Onun fikrincə, əslində GMO ilə bağlı sistemli maarifləndirmə işləri aparılmalıdır ki, əhali bu məhsulu alıb-almayacağını bilsin.