Özəl sektorda və sosial infrastruktur sahəsində dəyişikliklər xüsusi nəzərə çarpır
.jpg)
Son bir neçə ildə Azərbaycanın iqtisadi artım tempinə görə dünya dövlətləri arasında lider mövqedən çıxış etməsini şərtləndirən əsas amillərdən biri də bu sahə üzrə inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşımasıdır. Danılmaz həqiqətdir ki, bununla əlaqədar həyata keçirilən iqtisadi siyasət regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə gətirib çıxarıb ki, bu da öz növbəsində iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində kifayət qədər böyük uğurlar əldə olunması ilə nəticələnib.
Lakin regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti təkcə qeyd edilənlərlə məhdudlaşmayaraq, buradakı mövcud yaşayış məskənlərinin simasının müsbətə doğru dəyişməsində əvəzsiz rol oynayıb.
Regionların belə sürətli inkişafına gedən yolun əsas başlanğıcı, heç şübhəsiz ki, prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafi Dövlət Proqramı (2004-2008-ci illər)" ilə qoyulub. Onun davamı olaraq, dövlət başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə əldə olunan nailiyyətlərin miqyasının daha da genişlənməsinə, bəzi parametrlər üzrə keyfiyyətcə yeni mərhələnin əsasının qoyulmasına gətirib çıxarıb.
Burada xüsusi qeyd ediləsi ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, sözügedən proqramların icrası insanların kəndlərdən şəhərlərə axınının qarşısını alaraq, kənd təsərrüfatının, ümumilikdə isə qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunmasına əvəzsiz töhfələr verib.
Regionlarda inkişafa hesablanan ilk proqramın nəticələri göstərir ki, son illərdə ölkənin makroiqtisadi göstəricilərində paytaxtdan kənarda yerləşən şəhərlərin, rayonların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlməyə başlayıb. Bunun əsas səbəblərindən biri də proqram əsasında həyata keçirilən tədbirlərin maksimal dərəcədə səmərə verməsi üçün əvvəlcədən daha effektiv mexanizmlərin təyin olunması olub. Ümumiyyətlə isə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramına əsasən həyata keçirilməli tədbirlər üç səviyyədə müəyyən olunub: birincisi, makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi tədbirləri; ikincisi, iqtisadi rayonlar səviyyəsində həyata keçiriləcək tədbirlər; üçüncüsü, hər bir rayonun spesifik xüsusiyyətlərinə uyğun müəyyən edilmiş tədbirlər.
O da xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən proqramın icra olunduğu müddət ərzində regionlara investisiya yatırımına daim xüsusi diqqət yetirilib və Azərbaycan dövləti son beş il ərzində bölgələrə çox böyük miqdarda sərmayə qoyub. Statistik rəqəmlərə diqqət yetirməklə də bunun əyani sübutunu görmək mümkündür. Belə ki, dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin məbləği 2004-cü illə müqayisədə 2008-ci ildə 6 dəfə artaraq 3,9 milyard manat təşkil edib. Bu isə ümumi investisiyaların 83 faizinə bərabər olub.
Bundan başqa, özəl sektorun inkişafı üçün böyük həcmdə və əsas etibarilə güzəştli şərtlərlə kreditlər ayrılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrik yağları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübrə və toxum təchizatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən vəsaitin ayrılması və vergi güzəştlərinin tətbiqi nəticəsində isə proqramın icra olunduğu dövr ərzində məhsul istehsalının nominal dəyəri 2,4 dəfə artıb. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilib və ya əsaslı təmir edilib, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb, 69 yeni körpü tikilib, 34 körpü təmir edilib.
Sözügedən proqramın icra olunduğu müddət ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilib, Lənkəranda yeni dəniz limanının tikintisi sahəsində isə işlərin xeyli hissəsi başa çatdırılıb. Bundan başqa, elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün, 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiya ölkə vətəndaşlarının enerji təminatının yaxşılaşdırılmasında müstəsna rol oynayıb,
Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında belə stansiyaların tikintisi davam etdirilib. Naxçıvan Muxtar Respublikası uzun fasilədən sonra, Lerik və Yardımlı rayonları, Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə təbii qazla təmin edilib. Ümumilikdə, proqramın icra olunduğu dövrdə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilərək, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılıb. Bundan başqa, regionlarda rabitə infrastrukturunun, su və kanalizasiya sistemlərinin, istilik təchizatının yaxşılaşdırılması məqsədilə 632 avtomat telefon stansiyası, 610 yeni poçt binası, 75 qazanxana tikilib istifadəyə verilib, 72 qazanxana əsaslı təmir olunub, 720 kilometr yeni su, 210 kilometr kanalizasiya xətləri çəkilib, 23 su anbarı tikilib, 214 artezian quyusu qazılıb. Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi üçün regionlarda həyata keçirilən ən mühüm layihələrə misal olaraq Oğuz-Qəbələ-Bakı su kəmərinin, "Taxtakörpü" su anbarının tikintisini qeyd etmək olar.
Ümumilikdə isə qeyd olunan Dövlət Proqramında müxtəlif sahələri əhatə edən 714 tədbir nəzərdə tutulub ki, bunun da 46-sı makroiqtisadi sabitliyin və davamlı inkişafın təmin edilməsi, 668-i isə 9 iqtisadi rayon və inzibati rayonlar üzrə tədbirlər olub
Araşdırmalar göstərir ki, proqramın icrası nəticəsində, mərkəzdə və ya hər hansı uzaq bölgədə yerləşməsindən asılı olmayaraq, bütün şəhər, rayonlar üzrə dinamik artım qeydə alınıb. Məsələn, proqramın icra olunduğu müddət ərzində Bakının Səbail rayonunda yeni obyektlər, yaşayış evləri inşa olunub, əhalinin maddi gəlirləri artıb, investisiya yatırımı çoxalıb. Bənzər inkişaf tempi paytaxtdan uzaqda yerləşən Gədəbəy rayonunda da özünü göstərib. Yaxud Naxçıvan Muxtar Respublikasının ən gənc rayonlarından sayılan Kəngərli rayonu da sözügedən proqramın icrası nəticəsində yeni inkişaf yoluna çıxıb. Analoji inkişafı bütün digər rayonlar üzrə də görmək mümkündür və bütün bunlar ümumi kontekstdə Azərbaycanın inkişafında qeyd olunan dövlət proqramının nə dərəcədə vacib rol oynadığını əyani şəkildə nümayiş etdirir.
Proqramın nəticələrinin təhlili göstərir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramının ən mühüm nəticələrindən biri də onun bölgələrdə çoxlu sayda yeni iş yerinin açılmasına gətirib çıxarmasıdır. Ümumiyyətlə, 2003-2008-ci illər ərzində Azərbaycanda bütün regionları əhatə etməklə 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açılıb. Bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi məhz regionların payına düşüb, açılan 766 min yeni iş yerinin isə 547 mini daimi olub.
Qeyd edilən dövr ərzində regionlarda təhsil müəssisələrinin inkişafı da xüsusi diqqət mərkəzində olub və bu işdə Heydər Əliyev Fondu da özüməxsus rol oynayıb. Belə ki, hesabat dövrü ərzində Heydər Əliyev Fondunun dəstəyi və digər mənbələr hesabına, 1300-ü regionlarda olmaqla, 1600 məktəb binası inşa edilib.
Bundan başqa, regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədilə sözügedən müddətdə 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer məntəqəsi, 18 olimpiya-idman kompleksi tikilib istifadəyə verilib, digərlərinin tikintisi davam etdirilib.
O da qeyd olunmalıdır ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə yanaşı, prezident İlham Əliyev bölgələrin inkişafı ilə bağlı ayrıca sərəncamlar da verib. Belə ki, dövlət başçısı bu proqramın icra olunduğu müddət ərzində Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalayıb. Onlar arasında "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" ayrıca qeyd olunmalıdır. Çünki bu proqram ölkə rəhbərliyinin iqtisadi inkişafa kompleks şəkildə yanaşdığını, regionlarla yanaşı, mərkəzi bölgələrin də inkişaf tempinin qorunaraq irəli doğru getməsinə çalışdığını göstərir.
Burada daha bir məqamı da qeyd etmək lazım gəlir ki, 2004-cü ildə regionların inkişafına dair tərtib olunan Dövlət Proqramı icra olunduğu müddət ərzində daim təkmilləşdirilib və bu səbəbdən proqram daha böyük həcmdə icra olunub. Belə ki, 2004-cü ildə proqram qəbul olunanda ona daxil edilməyən bəzi məsələlərin həlli istiqamətində də ciddi uğurlar əldə olunub və beləliklə, proqramda nəzərdə tutulduğundan daha çox iş görülüb.
Yuxarıda qeyd edildiyi kimi, regionların inkişafında növbəti mərhələnin açılmasında prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" müstəsna əhəmiyyət kəsb edib və etməkdədir.
Yeni proqramın qəbul edilməsinə təsir göstərən əsas faktorlar regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək olub.
Digər tərəfdən, yeni proqramın üstün cəhətlərindən biri də ondan ibarətdir ki, onun hazırlanması zamanı İlham Əliyevin göstərişi ilə regionlardan gələn təkliflər nəzərə alınıb. Məhz bunun nəticəsində bölgələrdə yaşayan insanların həllini prioritet hesab etdiyi məsələlər bu proqramda ön plana çəkilib, onların çözümü üçün həm icra mexanizmləri və vaxt müəyyən olunub, həm də bunun üçün lazım olan maddi resursların hər il dövlət büdcəsində ayrılması nəzərdə tutulub.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhatə etdiyi sahələr də kifayət qədər genişdir. Buraya sosial sahədən tutmuş təhsil, səhiyyə, kənd təsərrüfatı, enerji sektoruna kimi müxtəlif sferalar aiddir.
O da xüsusi olaraq qeyd edilməlidir ki, yeni proqramda, əvvəlki kimi, keyfiyyət göstəricilərinə xüsusi önəm verilir. Məsələn, təhsil sahəsində görüləcək işlər onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənib və ölkədə bütün əhali təbəqələri üçün müasir tələblər səviyyəsində qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki və tədris-metodiki şəraitin yaradılması, bu zəmində təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması dövlətin sosial siyasətində əsas yer tutur.
Təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması, yeni məktəblərin inşası, məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması kimi məsələlər də prioritet istiqamətlərdəndir.
Proqram çərçivəsində səhiyyə, kommunal xidmətlər və digər sahələrdə keyfiyyətcə daha üstün nəticələrin əldə olunması əsas şərtlərdən biri kimi çıxış edir.
Beləliklə, aydın görünür ki, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramlar Azərbaycanın ümumi inkişafında mühüm rol oynamaqla yanaşı, ölkənin simasının dəyişməsində müstəsna əhəmiyyət kəsb edir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.