Dəmir Yollarının üstündəki qanunsuz tikililərin siyahısı bir neçə günə hazır olacaq
.jpg)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yollarının təhkim zolağındakı obyektlərin siyahıya alınması prosesini yekunlaşdırmaq üzrədir.
Bu barədə məlumatı "OLAYLAR"a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. Onun sözlərinə görə, artıq ötən həftədən qurum əməkdaşları prosesə başlayıb və əksər obyektləri qeydiyyata alıb: "Ötən həftə Nazirlər Kabinetində mühafizə zolağında zəbt edilən ərazilərdə inşa olunan qanunsuz obyektlərin siyahıya alınması ilə bağlı müşavirə keçirilib və bu barədə dəmir yoluna da tapşırıqlar verilib. Həmin tapşırığa əsasən dəmir yolunun mühafizə zolağındakı qanunsuz obyektlərin siyahıya alınmasına başlanıb. Artıq ayın sonuna kimi bu siyahı dəqiqləşdirilməli və Nazirlər Kabinetinə təhvil verilməlidir". Həmin obyektlərin nə vaxt köçürüləcəyi və obyekt sahiblərinə kompensasiyaların verilib-verilməməsinə gəlincə isə Nadir Əzməmmədov bildirdi ki, bu məsələ Nazirlər Kabinetinin verdiyi qərardan asılı olacaq.