Daşkəsəndə gizirin ermənilərə satdığı əsgər məhkəmədə özünü qismən təqsirli bildi
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən Azərbaycan Ordusunun hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyilə qapalı keçirilən prosesdə ittiham olunan Azərbaycan Ordusunun əsgəri Namiq Hüseyn oğlu Rəcəbov özünü qismən təqsirli bilib. N. Rəcəbov ona qarşı irəli sürülən ittihamın bəzi müddəaları ilə razılaşmadığını deyib. Prosesdə ifadə verən zərərçəkmiş və şahidlər ibtidai istintaqda verdikləri ifadələrini təsdiq ediblər. Proses martın 3-də davam etdiriləcək.
İttihama görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Namiq Hüseyn oğlu Rəcəbov Daşkəsən rayonunda yerləşən hərbi hissədə xidmətdə olduğu müddətdə gizir Anar Allahverdiyev tərəfindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilib. Ermənilər əsgərə qarşı cinsi zorakılıq edərək, həmin hadisənin videoçəkilişini aparıblar. Sonra əsgəri hədələyiblər ki, həmin videoçəkilişi yayacaqlar. Bu yolla da ondan qulluq etdiyi hərbi hissədəki döyüş anbarı, silahlar və s. barədə məlumatlar alıblar.