DİN-in Baş Mühafizə İdarəsinin xidmətlərindən yararlanan və yararlanmayan universitetlər...
Xarici Dillər Universiteti: "Bu iş öz qüvvələrimiz hesabına həyata keçirilir"
Qafqaz Universiteti: "Daxili İşlər Nazirliyilə müqaviləmiz var, amma mühafizə xidməti sırf öz yerli qüvvələrimizdən ibarətdir"
ADPU: "Hazırda mühafizə ilə bağlı özəl şirkət olan "Qartal" Mühafizə Xidmətilə əməkdaşlıq edirik"
İncəsənət və Mədəniyyət Universiteti: "Yasamal Rayon Polis İdarəsilə də müqaviləmiz var"
Xatırlayırsınızsa, keçən ilin aprelində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsindən sonra orta və ali təhsil ocaqlarının mühafizəsinin gücləndirilməsi məsələsi gündəmə gəldi. Qeyd edək ki, ADNA-da baş verən olayda xeyli dinc sakin terrorun qurbanı olmuşdu. Həmin hadisədən az sonra Təhsil Nazirliyi məktəb və universitetlərin qorunması üçün Daxili İşlər Nazirliyilə müqavilə bağlanmasının vacibliyini önə çəkmişdi.
O vaxta kimi isə sözügedən təhsil müəssisələri ya qorunmur, ya da bu işi öz daxili qüvvələri hesabına həyata keçirirdilər. Bu hal, sözsüz ki, təhsil ocaqlarının, baş verə biləcək hər hansı neqativ hadisələrdən sığortalanması üçün, daha çevik qüvvələr tərəfindən mühafizə edilməsini gündəmə gətirdi. Qeyd edək ki, hazırda Azərbaycanda obyektlərin mühafizəsi işilə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi məşğul olur. Bu günlərdə mətbuata açıqlamasında sözügedən idarənin rəisi, polis general-mayoru Mədət Quliyev ADNA-da baş verən məlum hadisədən sonra mühafizə üçün müraciət edənlərin sayında artım olduğunu bildirib: "Məlum hadisədən sonra mühafizə üçün müraciətlər artıb. 60-a yaxın təhsil ocağı mühafizənin təşkili üçün bizə müraciət edib və əməkdaşlarımız tərəfindən həmin müəssisələrin təhlükəsizliyi təmin olunur. Həmin müəssisələrdə tərəfimizdən texnika, kameralar qurulub. 24 saat ərzində videomüşahidələr aparırıq. Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması üçün tapşırıq verib. Bu xidmət ödənişli olduğundan, bütün təhsil müəssisələri bizə müraciət etməyib. Ali və orta təhsil müəssisələrinin rəhbərləri bu məsələni diqqətdə saxlamalıdır. Texnikanın alınması üçün 2000 manata yaxın xərc tələb olunur. Universitet rəhbərləri üçün bu məbləğ problem olmamalıdır". Bu açıqlamadan belə görünür ki, müqavilə bağlayan ali təhsil ocaqları canlı qüvvə baxımından deyil, əsasən müasir tələblərə uyğun kamera və videomüşahidələr vasitəsilə mühafizə olunur. Amma heç də bütün universitetlər bu xidmətdən istifadə etmir. Hansı təhsil ocaqlarının Baş Mühafizə İdarəsinin mühafizə xidmətindən yararlandığını aydınlaşdırmaq üçün bir sıra ali məktəblərlə əlaqə saxladıq.
Xarici Dillər Universitetinin mətbuat xidmətindən Zeynəb Kazımovanın dediyinə görə, müəssisənin mühafizə işini öz daxili qüvvələri hesabına həyata keçirirlər. Deməli, Mühafizə İdarəsilə bu istiqamətdə hər hansı müqavilə imzalamayıblar: "Məlum hadisələrdən sonra universitetin təhlükəsizlik sistemi bir qədər də gücləndirilib. Bizdə komendant sistemi fəaliyyət göstərir. Tələbə və işçilər içəri yalnız vəsiqə və tələbə biletlərini təqdim etdikdən sonra buraxılır. Yəni kənar şəxslərin universitetə əsassız daxil olmasının qarşısı maksimum alınır. Mühafizə işi ciddi surətdə həyata keçirilir. Bu iş öz qüvvələrimiz hesabına həyata keçirilir. Onlar silahsız olsalar da, hər bir halda gücləndirilmiş rejimdə çalışır. Hesab edirəm ki, onlar hər an ola biləcək hücumun qarşısını almağı bacaracaq. Mühafizə işi bütün sutka ərzində iki növbəli sistemlə həyata keçirilir. Biz həmin mühafizə xidmətinin işindən razıyıq və ümid edirik ki, onlar bizim təhlükəsizliyimizi layiqincə qoruya biləcəklər".
Qafqaz Universiteti isə mühafizə ilə bağlı müqavilə əsasında fəaliyyət göstərir. Bu barədə məlumat verən təhsil ocağının mətbuat xidmətinin rəhbəri Fuad Şərbətov mühafizəçilərin fəaliyyətinin onları tam qane etdiyini dedi: "Daxili İşlər Nazirliyilə müqaviləmiz var. Onlar bizə müxtəlif rabitə sistemləri verib və onun hesabına daim asayiş keşikçilərilə təmasdayıq. Amma mühafizə xidməti sırf öz yerli qüvvələrimizdən ibarətdir. Mühafizə İdarəsinin əməkdaşları isə hər gün iki saatdan bir gəlib yoxlayırlar. Qeydiyyat kitabına imza ataraq ərazidə yoxlama aparırlar. Hər hansı bir hadisə baş verərsə, onlar dərhal buradadırlar. Bundan başqa, universitetin öz yerli qüvvələri giriş-çıxışa nəzarət edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhlükəsizlik işlərilə isə özəl mühafizə xidməti məşğul olur. Bunu bizə açıqlamasında Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirdi: "2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum faciəli hadisədən dərhal sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə giriş-çıxış qaydalarının möhkəmləndirilməsi üçün rəhbərlik tərəfindən dərhal müvafiq əmr imzalandı. Həmin əmrə əsasən universitetə giriş-çıxış qaydalarının gücləndirilməsi işi xüsusi nəzarətə götürüldü. Hazırda mühafizə ilə bağlı Daxili İşlər Nazirliyində rəsmi surətdə qeydiyyatdan keçən, müvafiq lisenziya əsasında fəaliyyət göstərən özəl "Qartal" Mühafizə Xidmətilə əməkdaşlıq edirik. Onlarla bir illik müqaviləmiz var, müqaviləyə uyğun olaraq, Universitetin mühafizə işini həyata keçirirlər. Bununla bərabər, bu işə Universitet əməkdaşları da cəlb olunub. Universitetə giriş-çıxış çox ciddi nəzarət altındadır. Hər bir tələbə və əməkdaş yalnız müvafiq sənədləri göstərdikdən sonra içəri buraxılır. Mühafizəçilər kifayət qədər təcrübəli yoldaşlardır. Onlar öz işlərinin öhdəsindən lazımınca gəlir. Fəaliyyətləri qənaətbəxşdir. Özəl şirkət hər gün səhər saat 9.00-dan axşam saat 20.00-a kimi işləyirlər. Mühafizəçilər xüsusi vasitələrlə təmin olunmayıb, silahsızdırlar, sadəcə olaraq, müvafiq xidməti geyimləri var. Üç korpusumuz var, hər birində 3-4 mühafizəçi olur".
Bakı Dövlət Universitetilə bütün günü əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı. Bununla belə, kənarda müşahidə əsasında ölkənin bir nömrəli təhsil ocağının da polislər tərəfindən mühafizə edilmədiyinin şahidi olduq. Belə ki, Universitetin giriş-çıxışında sənədlərin yoxlanması ilə məşğul olanların polislərə heç bir aidiyyəti yoxdur. Burada duranlar yalnız adi işçilər idi.
İncəsənət və Mədəniyyət Universitetinin mətbuat xidmətinin rəhbəri İntiqam Mehdizadə də təhsil ocağının mühafizə olunduğunu söylədi: "Hər gün universitet əməkdaşları tərəfindən gələnlərin sənədləri yoxlanır. Bundan başqa, Yasamal Rayon Polis İdarəsilə də müqaviləmiz var. Cari tədris ilində bağlanıb. Onlar da, səlahiyyətlərinə uyğun olaraq, mühafizə sistemini həyata keçirirlər".