.jpg)
Müasir toy şənliklərinin məzmunu(və ya məzmunsuzluğu), uzun illərdir ki, müzakirə edilir. Çox az adam tapmaq olar ki, toyların bugünkü vəziyyətindən razılıq eləsin, musiqiçilərin ifasını bəyənsin, süfrədəki nemətlər haqda müsbət fikir söyləsin.
Milli toy ənənələrinə bağlı olan insanların bir çoxu bundan çıxış yolu arayır, hər kəs öz ideyasının toylarda tətbiq edilməsinə çalışır. Əksər ziyalılar hesab edir ki, bu qarmaqarşıqlığı aradan qaldırmaq üçün mütləq nümunəvi toylar keçirilməli, burada sırf milli elementlərdən istifadə edilməlidir.
Millət vəkili, professor Hadı Rəcəbli çoxdan bəridir ki, mərasimlərimizdə yaşanan problemləri, müşahidə olunan nöqsanları aradan qaldırmaq üçün müxtəlif təkliflər verir, çıxışlarında ziyalıları, sadə vətəndaşları bu hala qarşı birgə mübarizəyə səsləyir. Bu günlərdə televiziyalardan birində yenə toy haqda danışılırdı. Proqrama qatılan Hadı Rəcəbli dedi ki, subay oğlu üçün toy edərkən əsl Azərbaycan toyunun necə olmalı olduğunu bütün ölkəyə nümunə kimi təqdim edəcək. H.Rəcəbli təklif elədi ki, toy dəvətnamələrinin içinə toyun proqramı da qoyulsun. Yəni insanların bu toyda hansı müğənnilərin olduğu, onların nə oxuyacağı, təamların çeşidi və s. haqda məlumatı olsun.
Hadı müəllimin bu təşəbbüsü olduqca maraqlıdır. Bəziləri onun bu fikrini dəstəkləsə də, buna tərəfdar olmayanlar da var. Etnoqraflar hesab edir ki, müasir toyun proqramını yaymağın özü milli mentalitetə uyğun gəlmir.
Tarix elmləri doktoru, professor, tanınmış etnoqraf Təvəkkül Səlimov "Bakı-Xəbər"ə bildirdi ki, H.Rəcəblinin bütün təkliflərinə hörmətlə yanaşır. Onun sözlərinə görə, H.Rəcəbli həm bir millət vəkili, həm də ziyalı kimi həmişə xalqın qeydinə qalıb, onun problemlərini həll eləməyə çalışıb. Amma etnoqraf millət vəkilinin toyların proqramının dəvətnamələrin içində yerləşdirilməsi təklifini normal qəbul eləmir: "Hadı müəllimə böyük hörmətimiz var, böyük insandır. O həmişə xalqın mövqeyini müdafiə edən bir insandır. Ancaq söhbət konkret olaraq toydan gedirsə, toy proqramlaşdırılırsa, bu artıq toy deyil. Hesab edirəm ki, burada heç millilik də olmur. Hadı müəllim deyəndə ki, mən övladıma nümunəvi toy eləmək istəyirəm, fikrimcə, o, milli-mənəvi dəyərlərin modern formasını nəzərdə tutur. O, ənənəçiliyin formasını saxlamaqla modern qaydada toy keçirmək istəyir. Ancaq bu toy ortaya necə gələcək, necə olacaq? Bu barədə toyu görəndən sonra nə isə demək olar. Toyun proqramlaşdırılması isə mümkünsüzdür. Bəlkə də mümkün olacaq, amma mən bu perspektivi görmürəm. Mən xalqımızın 40 ildən artıqdır ki, etnoqrafiyasını, məişətini araşdırıram. Min illər boyu toylarımızın yazılmamış proqramları olub. İndi durub yazılı proqram hazırlamaq mənə çatmır. Özü də ki, bu yaşayan məsələ deyil. Bu konsert deyil, hansısa bir yığıncaq, tədbir deyil-gələn baxıb görsün ki, filan şeydən sonra filan olacaq və s. Hadı müəllimin xətirinə dəyməsin, düşünürəm ki, bir az burada bayağılıq var. Açığı, bu mentalitetə uyğun gəlməyən bir məsələdir".