.jpg)
Şou-biznes aləmində sənətçilərin bir-birini məhkəməyə verməsi adi hal alıb. Xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva arasında baş verən qarşılıqlı məhkəmə qalmaqalı yaddan çıxmamış indi də bir başqa sənətçi digərini məhkəməyə verib.
Məlum olduğu kimi, son günlər bəstəkar Nadir Əzimov həmkarı Nailə Mirməmmədlini plagiatlıqda suçlayır. N.Mirməmmədli isə bu iddiaları rədd edir. Bu dava-qalmaqalın N.Mirməmmədli və N.Əzimov arasında baş verməsinə baxmayaraq, müğənni Röya Ayxan gözlənilmədən bu məsələyə müdaxilə edib. Röya birbaşa efirdən N.Əzimovun ünvanına təhqiramiz fikirlər işlədərək, sona qədər Nailə Mirməmmədlinin arxasında duracağını bəyan edib.
N.Əzimovun həyat yoldaşı Lalə Əzimova isə "Bakı-Xəbər"ə bildirdi ki, mətbuata Röyanın nalayiq hərəkətlərilə bağlı heç bir söz demək niyyətində deyillər: "Röyanın Nadirin ünvanına dediyi sözlərə reaksiya verməyəcəyik. Artıq biz bununla bağlı məhkəməyə müraciət etmişik. Vəkilimiz bizə bu haqda mətbuata hər hansı açıqlama verməyi qadağan edib". Əzimovların hansı rayon məhkəməsinə üz tutduğuna gəlincə, L.Əzimova bu məsələyə də aydınlıq gətirmədi. Bircə onu dedi ki, bir müddətdən sonra hər şey bütün ictimaiyyətə bəlli olacaq.