Ziyalılar hesab edir ki, bu yolla səhnə üçün deyil, toylar üçün kadr yetişdirilir
Vahid Əziz: "Telekanallar şairləri məsxərəyə qoyub gözdən salmasın"
Vüqar Əhməd: "Bu müsabiqələrdə restoran müğənniləri, tamadalar yetişdirilir"
Yerli telekanallar musiqinin müxtəlif sahələri, janrları üzrə müsabiqələr keçirir. Lakin bu yarışmalardan çıxan gənclərin, insanların böyük əksəriyyəti səhnələrdə yox, toylarda çıxış edir. Peşəkar musiqiçi kimi deyil, toy müğənnisi kimi formalaşır. Elə bir müsabiqə iştirakçısı yoxdur ki, toy məclislərində iştirak eləməsin.
Bu müsabiqələrin sırasına "Bir söz de" adlı bir layihə də daxil olub. "Srace" kanalında nümayiş olunan bu layihə haqda öncə deyirdilər ki, burada şairlər özlərini sınayacaq. Ancaq yarışma start götürən kimi məlum oldu ki, bu yarışma söz uğrunda düzənlənməyib. Burada şairlər, söz adamları deyil, müxtəlif restoran və şadlıq evlərində işləyən tamadalar yarışır. Münsiflər heyətinin tərkibinə gəlincə isə, demək olar ki, ədəbiyyata, söz aləminə yaxın şəxslərin heç biri o insanları tanımır.
Bildiyimiz kimi, tamadaların yarışmasından əvvəl "Toylar kralı" və "Toylar kraliçası" yarışmaları efirə verildi. Sözsüz ki, toy xalqımızın ailə-məişət mədəniyyətində əvəzsiz bir hadisədir. Amma bu mühüm hadisəni bayağılaşdırmaq, onun üçün "kral", "kraliça" seçmək nəyə lazımdır? Tamadaların yarışması da əksər ziyalıların ürəyincə deyil. Bu adamlar onlara verilən efir vaxtından istifadə edib toya, məişətə aid şeirlər söyləyir. O şeirlərin isə nə ədəbi yükü olur, nə də bədii mahiyyəti. Bayağı söz yığınından başqa bir şey deyil. Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, telekanallar bu yarışları sənətkar yetişdirmək üçün keçirmir, onlar toylar üçün kadr hazırlayır. Bəzi telekanalların məqsədi şadlıq evləri sahiblərinin tələblərinə cavab verən tamadalar, müğənnilər yetişdirməkdir.
"Bir söz de" layihəsində tamadaların şairlər adından çıxış etməsi, özlərini söz adamı kimi təqdim eləməsi əsl söz adamlarının narazılığına səbəb olub. Düzdür, hələ bu məsələyə Azərbaycan Yazıçılar Birliyi reaksiya verməyib. Amma şair və yazıçılar sözün bu dərəcədə urvatdan salınmasına biganə qala bilmir.
Tanınmış şair Vahid Əziz hesab edir ki, tamadaların şair adı ilə təqdim edilməsi yaxşı hal deyil. V.Əzizin sözlərinə görə, şairlərin yarışmasını keçirmək mümkünsüzdür":Doğrudur, o verilişə baxmamışam. Amma deyə bilərəm ki, şairlərin müsabiqəsi keçirilə bilməz. Bu, tamadaların yarışması ola bilər. Görürsünüz, bəzi telekanallarda "Toylar kralı", "Toylar kraliçası" və s. yarışlar keçirilir. Hesab edirəm ki, telekanalların çoxu səhnə üçün deyil, toylar üçün kadrlar yetişdirir. Görürsüz, rəssamların, bəstəkarların akademiyası var, amma yazıçı və şairlərin akademiyası yoxdur. Bu məsələyə Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirdiyi baxmalıdır. Şairləri məsxərəyə qoymaq olmaz. Mən bəzən şair olduğumu deməyə utanıram. Belə şey olar? Dəfələrlə demişəm ki, bu neqativ hərəkətlərin qarşısının alınması üçün televiziyalarda ortaq bədii şura yaradılmalıdır. Amma yaratmırlar. Vahid Əziz bədii şuranın üzvü olmaq istəmir. Sadəcə istəyim budur ki, telekanallarda baş verən bu biabırçılıqlara, özbaşınalıqlara son qoyulsun. Akademik Ramiz Mehdiyev çox gözəl bir məqalə yazıb çap etdirdi, ancaq hələ də bəzi televiziyalar əvvəlki vəziyyətdədir. Böyük ədəbiyyatı, söz adamları olan bir xalqın sözü, şeiri, şairi məsxərəyə lağa qoyulur. Demək olar ki, film və tamaşalarda şairlər çox zaman aşağılanır, onlar camaata mənfi istiqamətdən təqdim edilir. Məsələn, Vaqif Səmədoğlunun "Bəxt üzüyü"ndə şair Moşu həm müsbət, həm də mənfi obrazdır. Amma o burada lağ, məsxərə predmetinə çevrilib. Tamadalıqla şairlik fərqli şeylərdir. İndi yerindən duran şeir yazdığını deyir. Telekanallar insanları bir-birilə vuruşdurur. Onlar şairləri gözdən salmasın. Toylar üçün kadr hazırlayan layihələrin çox güclü sponsorları var. Sabah həmin adamların yanına gedib deyəsən ki, Qarabağla bağlı bir kitab var, onu ingilis dilinə tərcümə etmək üçün vəsait lazımdır, adamı qapıdan qovarlar. Amma küçə əxlaqsızlarına sponsorluq edirlər. Elə bil ki, sponsorlar Azərbaycanı, sənətimizi gözdən salmaq, rüsvay etmək üçün maliyyə buraxır".
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd də bu yarışmanın tamadalar üçün keçirildiyini təsdiq elədi. Professorun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyilə keçirilən muğam müsabiqəsini çıxmaq şərtilə, digər müsabiqələrin heç biri sənətə xidmət eləmir: "Mən hələ televiziyada veriliş apararkən tez-tez Mehriban Əliyevanın muğama qayğı və diqqət göstərməsini təqdir edir, bəyənirdim. Hər proqramda ona dəstək verirdim. Amma o vaxt məndən başqa heç kəs danışmırdı. Muğam müsabiqələrini dəstəkləyirəm. O biri müsabiqələr isə, demək olar ki, səhnə üçün ifaçı yetişdirmir. Onlar ancaq toylar üçün kadrlar hazırlayırlar. Mənə belə gəlir ki, bu müsabiqələrdə restoran müğənniləri, tamadalar yetişdirilir. Əsas isə muğamdır. Səsi olmayan estradanı seçir, səsi olansa xalq musiqisilə məşğul olur. Tamadaların yarışmasının keçirilməsi nəyə lazımdır? Dədə-babadan toyları alimlər aparardı, danışmaq üçün ziyalıya söz verərdilər. İndi tamadalar toylarda pullu adamları nəzərə alıb xüsusi repertuar hazırlayır. Bu məsələyə münasibətim elə də yaxşı deyil. Mən yalnız muğama dəstək verirəm. Amma SMS-lə keçirilən müsabiqələrə yaxşı baxmıram. Telekanallar bununla pul qazanır. Bu müsabiqələr sənətə xidmət eləmir".