Asim Mollazadə ilə Aydın Mirzəzadə dialoqun formatı və məzmunu barədə fərqli fikirdədir
.jpg)
Azərbaycanın siyasi mühitində zaman-zaman gündəmə gələn hadisələrdən biri də iqtidar və müxalifət arasında dialoqun keçirilməsidir. Maraqlıdır ki, bu vaxta qədər hər iki düşərgənin təmsilçiləri belə dialoqun baş tutmasında heç bir problem olmadığını bəyan etsələr də, son 5 ildə tərəflər bir dəfə də olsun masa arxasında əyləşməyib.
Xatırladaq ki, iqtidarla müxalifət arasında dialoq sonuncu dəfə 2005-ci ilin parlament seçkiləri ərəfəsində ATƏT-in Bakı ofisinin vasitəçiliyilə baş tutub. Həmin vaxt baş tutan bir neçə belə görüşdə müxalifət, hakim və hakimiyyətyönlü partiyalar iştirak edib. Sonradan isə, edilən müxtəlif cəhdlərə rəğmən, dialoqu davam etdirmək mümkün olmayıb.
Siyasi ekspertlər isə belə hesab edir ki, son illərdə irəli sürüləqn təşəbbüslərə baxmayaraq, dialoqun baş tutmamasının əsas səbəbi daha çox müxalifət düşərgəsində baş verənlərlə bağlıdır. İndi heç kimə sirr deyil ki, bu düşərgədə kifayət qədər rəngarəng qüvvələr təmsil olunur. Digər tərəfdən, konkret olaraq kimin müxalifət adına iddia etməsilə bağlı bu düşərgədə yer alan qüvvələrin özləri arasında gündən-günə genişlənməkdə olan fikir ayrılıqları mövcuddur. Bu səbəbdən iqtidarın konkret olaraq kimlərlə masa arxasına əyləşməsinin müəyyən olunması indi olduqca çətin məsələ sayıla bilər. Daha bir önəmli faktor isə ötən dövr ərzində müxalifətin əhəmiyyətli dərəcədə zəifləməsi, elektoratının böyük əksəriyyətini itirməsidir. Danılmaz həqiqətdir ki, artıq ölkə müxalifətinin baş verən ictimai-siyasi hadisələrə təsir imkanları yoxdur. Əksinə, siyasi arenanın bu düşərgəsində yaşanan daxili çəkişmələr müxalifəti daha sürətlə sıradan çıxarır. Bu səbəbdən, iqtidarın müxalifətlə dialoqa hər hansı maraq nümayiş etdirməməsi tam təbii sayıla bilər.
Məhz sadalananlar fonunda ekspertlər bildirir ki, proseslər indiki məcrada davam edərsə, yaxın perspektivdə iqtidar və müxalifət arasında dialoqun keçirilməsini gözləməyə dəyməz. Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə də bu il iqtidar müxalifət arasında siyasi dialoq məsələsində hər hansı irəliləyiş olacağını düşünmür. Onun sözlərinə görə, siyasi dialoqun alınması üçün, ilk növbədə, tərəflərdə istək olmalıdır: "Belə bir istək olmadığı üçün mən hər hansı dialoq gözləmirəm".
DİP sədri "milli.az" xəbər portalına açıqlamasında vurğulayıb ki, dialoq üçün, istəkdən əlavə, həm də tərəflər müəyyənləşməlidir: "İqtidar bəllidir, müxalifətin tərkibi isə geniş və çoxşaxəlidir. Görürsünüz ki, müxalifət düşərgəsində kimin müxalifət olması haqqında ciddi fikir ayrılığı gündəmə gəlib. Ona görə də çox yaxşı olardı ki, siyasi dialoq əvəzinə, ictimai müzakirə formatı seçilsin, ölkənin problemləri və bu problemlərin həlli istiqamətində axtarışların müzakirə edildiyi görüşlər keçirilsin. Bu daha düzgün olardı".
İctimai müzakirəyə hansı problemlərin çıxarılmasına gəlincə, A.Mollazadə "İlk növbədə taleyüklü məsələlərdən başlamaq olar" deyib. "Ölkəmizə təcavüz və bu təcavüzün yaratdığı problemləri, bir sıra iqtisadi, sosial, mədəni məsələləri birgə müzakirə etmək olar. Təbii ki, demokratiya, söz azadlığı, insan hüquqları məsələsi də bu müzakirələrin mövzusuna çevrilə bilər. Yaxşı olardı ki, müzakirələrdə, siyasi partiyalarla yanaşı, vətəndaş cəmiyyətinin nüməyəndələri, müstəqil ekspertlər də iştirak etsin. Baxın, ekspertlərin böyük əksəriyyəti heç bir partyanın üzvü deyil. Ona görə də, hesab edirik ki, müzakirələr üçün geniş çərçivə götürülməlidir". A.Mollazadənin fikrincə, yalnız siyasi partiyaların və onların funksionerlərinin iştirakı ilə keçiriləcək müzakirələr elə bir ciddi nəticə verməyəcək.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə məsələyə bir qədər fərqli prizmadan yanaşır. Ümumiyyətlə, siyasi dialoqu yalnız qarşı-qarşıya oturub müzakirə aparmaq kimi başa düşməyin düz olmadığını bildirən YAP funksionerinin sözlərinə görə, dialoq ümimi bir atmosfer, münasibətlər toplusu və siyasi mədəniyyətdir: "Bu baxımdan hesab edirəm ki, Azərbaycanda siyasi dialoq var. Parlamentdə, mətbuat səhifələrində, televiziyada, ayrı-ayrı tədbirlərdə bu polemika, bu dialoq baş verir. Hər bir tərəf mövqeyini ortaya qoyur, ortaq nöqtələr tapmağa çalışırlar. İqtidar tərəfi də çalışır ki, son nöqtədə bu məsələlər dövlətçilik maraqları ilə uzlaşsın".
O, sözügedən portala açıqlamasında əlavə edib ki, ayrıca görüşüb, hansısa məsələni müzakirə etmək həmişə mümkündür: "İqtidarın, Yeni Azərbaycan Partiyasının qapısı hər gün müxalifət nümayəndələri üçün açıqdır. Burada hər hansı məsələnin ikitərəfli və ya daha geniş tərkibdə müzakirəsi mümkündür". Qarabağ problemilə bağlı birgə ictimai müzakirələrə gəldikdə isə, millət vəkili bildirib ki, əslində bu müzakirələr heç vaxt dayanmayıb:
"Bu müzakirələr hər zaman davam edir. Bu gün üzdə olan bütün siyasi partiyaların, ayrı-ayrı şəxslərin Dağlıq Qarabağ problemilə bağlı mövqeyi ortadadır.
Heç kim də mövqeyinə görə təhdid edilmir, ondan öz mövqeyindən geri çəkilmək tələb olunmur.
Amma aydındır ki, problemin həlli dövlətin üzərindədir və ölkə başçısı bu məsələnin həllilə çox ciddi şəkildə məşğul olur. İqtidarın bu istiqamətdə atdığı addımlarla bağlı ictimaiyyət mütəmadi məlumatlandırılır. Bununla belə, hansısa tərəf bu məsələnin ayrıca müzakirə edilməsini istəyərsə, baxılmaq üçün konkret təkliflərini verməlidir".