.jpg)
Son vaxtlar cəbhə bölgəsində atəşkəsin tez-tez pozulması halları baş verir. Tərəflər əsgər itkisi verir. Bu günlərdə 3 əsgərimiz işğalçı ordunun snayperləri tərəfindən açılan atəş nəticəsində şəhid edildi. Başqa bir tərəfdən, işğal olunan ərazilərdə düşmən ordusunun ara-sıra təlim keçirmələri barədə məlumatlar yayılır.
Ermənistan ənənəvi hiyləgər mövqeyinə sadiq qalaraq, ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün müharibəyə başlayacağı görüntüsünü yaradır. Xarici strateji araşdırma mərkəzləri də son vaxtlar müharibə ritorikası ilə çıxış edir.
Onlar iddia edirlər ki, danışıqlar dalana dirəndiyindən, müharibə ehtimalı artır. Bəs əslində nə baş verir?
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli hesab edir ki, ermənilərin tez-tez atəşkəsi pozması onların ordusunun hər cəhətdən böhran içərisində olmasından xəbər verir: "Bizdə isə orduya diqqət hər keçən gün daha da artır. Azərbaycanda böyük hərbi təlim keçirildi.
Düşmən bunları izləyir və narahat olur. Ermənistan ordusunda böhran artıq o həddə gəlib çatıb ki, düşmən ölkənin əsgərləri kütləvi halda və tez-tez Azərbaycan tərəfinə keçir. Bütün bunlar onu göstərir ki, Ermənistan ordusu psixoloji sarsıntı içərisindədir.
Psixoloji sarsıntı içində olan bir ölkənin əsgərləri də tez-tez atəşkəsi pozmaq məcburiyyətindədir. Bir çox hallarda böhtan atırlar ki, atəşkəsi guya Azərbaycan tərəfi pozur.
Əslində bu heç də belə deyil. Azərbaycan ordusu atəşkəsi bircə dəfə pozacaq. Nəticədə ali baş komandanın əmri altında torpaqlarımızı bütünlüklə azad edəcəyik. Digər tərəfdən, Ermənistan rəhbərliyi ictimaiyyətin onlara qarşı yönələn təzyiqlərini cəbhə xəttinə yönəltmək istəyir. Bu minvalla ictimaiyyətin diqqətini əsas problemlərdən yayındırmaq istəyirlər. Bununla ictimaiyyətə göstərmək istəyirlər ki, Azərbaycan hər an hərbi əməliyyatlara başlaya və torpaqlarını azad edə bilər. Ötən il də analoji hadisələr baş verirdi. Bütün hallarda biz torpaqlarımızı azad edəcəyik və o gün uzaqda deyil".
"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərlinin fikrincə, nə qədər ki, sülh sazişi imzalanmayıb, müharibə hər an başlaya bilər: "Ümumiyyətlə, müharibənin hər an alovlanmaq ehtimalı var. Baş verənləri təkcə atəşkəs rejiminin tez-tez pozulması ilə əlaqələndirmək də doğru deyil. Nə qədər ki, mövcud vəziyyət davam edir, atəşkəs tez-tez pozulacaq. Çünki komandirlər tez-tez döyüş hazırlığı keçirir, əsgərləri hazırlayırlar.
Silah təsadüfən də açıla bilər. Hərbi hissənin qarşısında yalnız müdafiə olunmaq tapşırığı qoyulubsa, o zaman müdafiə olunmaq üçün də hərdənbir hücuma keçmək lazım olacaq.
Heç bir atəşin açılmamasına nail olmaq mümkün deyil. Bunlar tez-tez olacaq. Bəziləri bu baş verənləri nəyinsə göstəricisi kimi qələmə verməyə çalışır. Əslində isə bu qətiyyən belə deyil. Ümumiyyətlə, atəşkəs rejiminin pozulmasını müharibə ilə əlaqələndirmək düzgün deyil".