3 saylı Bakı İstintaq Təcridxanasında 9 günlük aclıq...
.jpg)
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı və Bakı İstintaq təcridxanalarına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar saxlananlarla görüşüb, həmin şəxslərə hüquqlarını izah edib, müəssisələrdəki şərait və saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.
Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisələrin rəhbərliyi və əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyib. Aparatın əməkdaşları Ombudsanın ünvanına daxil olmuş müraciətləri də araşdırıb. Bakı İstintaq Təcridxanasında saxlanan bir neçə şəxs cinayət-prosessual qanunvericilikdə təqsirləndirilən şəxslərə münasibətdə ehtiva olunmuş hüquqlarının pozulmasından, barələrində aparılan istintaqın qeyri-obyektivliyindən, çıxarılmış məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər. Onlara müvafiq hüquqi məsləhətlər verilib. Bununla bağlı ombudsman tərəfindən aidiyyəti qurumlara müraciət olunub.
Baxış zamanı 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Elxan Nəsrullayevin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin onun barəsində çıxardığı hökmə etiraz olaraq doqquz gün aclıq aksiyası keçirdiyi müəyyən edilib.
Məhkuma səhhətinə zərər vurduğuna görə aclığı dayandırması və barəsində çıxarılmış məhkəmə hökmündən apelyasiya şikayətinin verilməsi tövsiyə olunub. Aparatın əməkdaşları müəssisədəki həkimlə görüşərək E. Nəsrullayevin səhhətinin diqqətdə saxlanmasını tapşırıb.