Türkiyə-Ermənistan protokolları ilə bağlı "Qarabağ peşmançılığı" baş qaldırıb
Faruk Loğoğlu: "Dağlıq Qarabağ münaqişəsilə bağlı müddəa protokollara daxil edilməli idi"
"Türkiyə ilə Ermənistan arasında protokollar dalana dirənsə, ABŞ-da proseslər iki istiqamətdə davam edəcək". Bunu Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu "Hürriyət" qəzetinin köşə yazarı Ferai Tınça açıqlamasında deyib.
Onun sözlərinə görə, ilk istiqamət Barak Obamanın aprelin 24-dəki açıqlamasıdır: "Bu açıqlama çox önəmlidir. Amma Türkiyə ilə münasibətləri və son dövrdəki gözləntiləri təhlükəyə atmamaq üçün Barak Obama, çox böyük ehtimalla, "soyqırımı" ifadəsindən istifadə etməyəcək".
Faruk Loğoğlunun fikrincə, ikinci istiqamət ABŞ Konqresidir. O bildirib ki, qondarma soyqırım iddialarının yer aldığı qanun layihəsini keçirmək üçün erməni lobbisi və onların siyasi tərəfdaşları Konqresə təzyiq göstərəcək. Diplomat hesab edir ki, bu dəfə erməni dəstəkçilərinin şansları daha yüksəkdir. Çünki "erməni açılımı" dalana dirənib: "ABŞ-dakı yəhudi lobbisi "itirildiyi" üçün bu dəfə qanun layihəsinin qarşısını alacaq bir hərkəteverici qüvvə qalmayıb. Amma bu qərar keçsə belə, ABŞ Türkiyə ilə əlaqələrinə böyük bir zərbə vurulacağını düşünmür. Bəlkə "İncirlik" bazasının bağlanması kimi etiraz ortaya çıxa bilər. Lakin qanun layihəsinin qəbulu, silah alveri də daxil olmaqla, ticarət əlaqələrinə təsir etməyəcək". Türkiyəli diplomat hesab edir ki, ermənilər qondarma soyqırım iddialarının ABŞ Konqresindən keçirilməsilə kifayətlənməyəcək. Çünki Ermənistanın Konstitusiyası və müstəqillik haqqında bəyannaməsində tək prinsip "soyqırım"ın tanınması deyil: "Ondan sonra torpaq tələbi gündəmə gələcək. Bu da son deyil. Mülkiyyətlə bağlı təzminat tələbləri də Türkiyənin qarşısına çıxarılacaq".
Faruk Loğoğlu Türkiyə-Ermənistan münasibətlərilə Dağlıq Qarabağ münaqişəsi arasındakı əlaqəyə də toxunub. Onun fikrincə, bu məsələ protokollarda öz əksini tapmayan ən vacib məqamlardan biridir: "Dağlıq Qarabağ məsələsi protokollara daxil edilməli idi. Hər halda, Türkiyə hökuməti ABŞ və Rusiyadan vədlər aldı və inandı. Bu səhv idi. Bundan sonra əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinə verməklə Birləşmiş Ştatları problemin həllinə məcbur etmək lazımdır".