Əliməmməd Nuriyev: "...bu fikirlərin səslənməsi, məhkəmə-hüquq islahatları istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir"
.jpg)
Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov mətbuata açıqlamasında hüquq sistemində islahatların aparılmasına və Avropa standartlarına uyğun olan yeni qanun və məcəllələrin qəbul edilməsinə toxunub. F.Məmmədovun sözlərinə görə, həbs qətimkan tədbiri yalnız alternativ tədbirlər mümkün olmadığı halda tətbiq olunmalıdır:
"Lakin həbs-qətimkan tədbirlərinin seçilməsi və müddətinin uzadılması vəziyyətilə bağlı məsələ Ali Məhkəmənin plenumunda müzakirə edilərkən bu sahədə qanun pozuntularına yol verildiyi aşkar edilib. Məhkəmə Hüquq Şurası tərəfindən başlanmış intizam icraatları üzrə müəyyən edilib ki, bəzi hakimlər tərəfindən bu sahədə səmərəli məhkəmə nəzarəti həyata keçirilməyib. Qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin qanunvericiliyin tələbləri nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənməsi hallarına yol verilib. Bəzi hakimlər isə insan haqları ilə bağlı olan bu mühüm məsələyə xüsusi həssaslıqla yanaşmaq əvəzinə, əksinə, bu sahədə qanunun elementar tələblərini də pozublar".
F.Məmmədovun açıqlamasından o da məlum olub ki, insanların məhkəmələrə olan ehtimadı artıb. Həmçinin, məhkəmələrdə təmin olunan iddiaların sayı 92 faiz təşkil edib.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev F.Məmmədovun açıqlamasını təqdirəlayiq addım kimi dəyərləndirdi: "Ədliyyə naziri, cənab Fikrət Məmmədov Məhkəmə Hüquq Şurasının sədridir. Sözügedən şura da hakimlərin fəaliyyətini qiymətləndirmə, dəyərləndirmə prosesini həyata keçirir. Bütövlükdə hakimlərin seçki prosesi də, təyin edilməsi də bu quruma aiddir. Bununla belə, məhkəmə hüquq islahatlarının həyata keçirilməsində həlledici qurumlardan biridir. Ona görə də F.Məmmədovun bu dəyərləndirməsini müsbət qiymətləndirirəm. Bununla yanaşı, MHŞ tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqi aparılır. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən də məhkəmələrin fəaliyyətinin ümumiləşdirilməsi prosesi həyata keçirilir. Belə olanda, təbii ki, ən ciddi, mötəbər məlumatlar şübhəsiz bu qurumlardadır. O baxımdan F.Məmmədov tərəfindən bu fikirlərin səslənməsi, məhkəmə-hüquq islahatları istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir. Çünki Azərbaycan məhkəmələri tərəfindən, çox təəssüf ki, bir sıra hallarda həbs qətimkan tədbiri seçilərkən tərəfsizliyə bir o qədər də əməl olunmayıb".
Ə.Nuriyevin fikrincə, kimisə həbs edərkən hakim cinayət prosessual qanunvericiliyin tələblərini əsas götürməlidir: "Doğrudan da həmin şəxsin cinayətin açılmasına mane olması məsələsi, eyni zamanda cinayətin xarakteri diqqətə alınmalıdır. Bir çox hallarda ictimai təhlükə törətməyən cinayət hallarının baş verməsi zamanı da hakimlər tərəfindən həbsə sanksiyaların verilməsinin şahidi oluruq.
Ona görə belə halların baş verməsi hallarını insan hüquqlarının məhdudlaşdırılması kimi də dəyərləndirmək olar. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarları var ki, həbs qətimkan tədbiri sonuncu zərurət olaraq tətbiq olunmalıdır. Bütün digər qətimkan tədbirləri hakim tərəfindən süzgəcdən keçirildikdən sonra bu addım atılmalıdır. Məhz bu baxımdan ƏN tərəfindən məsələnin bu formada qoyulması məhkəmə hakimlərinin daha diqqətli olmasını tələb edir".