Rəsmi dairələrdə milli-etnik kadr söhbətlərinin qaldırılması deputatın narazılığına səbəb olub
Zahid Oruc: "Mənim düşüncəmdə insanın özünü türk və azərbaycanlı kimi duyması onun milli maraqlara və dövlətin ali niyyətlərinə xidmət etməsi üçün yetərlidir"
.jpg)
Son dövrlər bəziləri rəsmi dairələrdə özünün müxtəlif səpkili çıxışlarında milli-etnik məsələlərə də yer ayırmağa başlayıb. Belə ki, bu günlərdə millət vəkillərindən biri mətbuata açıqlamasında Azərbaycanda strateji, xüsusən də enerji və milli təhlükəsizliklə bağlı sahələrə ölkənin əsas etnosunun təmsilçilərinin rəhbərlik etməli olduğunu diqqətə çatdırmışdı.
Bu fikirdə olanlara görə, müharibə vəziyyətində olduğumuz dövrdə strateji vəzifələrə Azərbaycan türkləri təyin olunmalıdır. Bundan bir müddət qabaq isə başqa bir millət vəkili də Müdafiə Nazirliyilə bağlı məsələdə milli-etnik məsələni qabartmışdı. Bildiyimiz kimi, Azərbaycan çoxmillətli ölkədir. Burada azərbaycan türklərilə yanaşı, ləzgilər, tatlar, ruslar, dağ yəhudiləri, talışlar və bir sıra digər xalqların nümayəndələri yaşayır. Kimliyindən və millətindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycan, eyni zamanda, tolerant ölkə olaraq da diqqəti çəkir. Bu mənada ölkəmiz dünyanın demokratik ölkələrinə belə örnək ola bilər. Bizdə milli və dini tolerantlıq hökm sürür. Belə halda bu və ya digər vəzifələrdə kimlərin olmasının, onlar milli və dövləti maraqlara xidmət edirsə, heç bir ziyanı yoxdur. Əsas məsələ ölkənin stabilliyi və inkişafıdır ki, son illər bu istiqamətdə, Azərbaycan xeyli nailiyyətlər əldə edib. Başda dövlət başçısı olmaqla Azərbaycan hökumətinin yeritdiyi siyasət də ölkədə yaşayan bütün millətlərin bərabərliyinə əsaslanır. Bu mənada da hakimiyyətin atdığı addımlar təqdirəlayiqdir. Belə bir məqamda, görəsən indiki vəziyyətdə bəzi şəxslər tərəfindən milli-etnik məsələlərin qaldırılması nə dərəcədə düzgündür?
Millət vəkili Zahid Oruc da düşünür ki, bütün hallarda sözügedən məsələnin qabardılması doğru hərəkət deyil. Əksinə, onun fikrincə, hazırda millətçilikdən vətəndaşlığa keçid baş verməkdədir və bunu yaşamalı, ona üstünlük verməliyik: "Belə hesab edirəm ki, bu məsələnin indiki halda təftişi daha artıq dərəcədə elə həmin prosesə əlavə təkan verilməsinə səbəb olacaq. İstənilən mənada, bu kimi məsələlərə geniş şəkildə təhlil vermək, onu ən müxtəlif aspektlərdən şərh etmək hansısa tərəf tutulması mənasına gələ bilər. Mənim anlamımda kim özünü hansı millətdən hesab edirsə, o elə həmin millətdəndir. Əslində insanları şəcərə üzrə araşdırmalı olsaq, çoxlu qarışıqlıqlar meydana çıxacaq. Bəlli olacaq ki, insanların müxtəlif yerdəyişmələr, köçmələr, deportasiya və başqa təbii tarixi proseslərlə məruz qalmaları ilə onsuz da həyatlarında müxtəlif cür yaşantılar olub. Biz ölkədə ari irq yetişdirmirik. Belə siyasət Hitler Almaniyasında çox ağır nəticələr doğurdu. Mənim düşüncəmdə bir insanın özünü türk və azərbaycanlı kimi duyması onun milli maraqlara və dövlətin ən ali niyyətlərinə xidmət etməsi üçün yetərlidir. Bəlkə də şəcərə üzrə kimsə özünü hansısa qatlarla təmiz göstərə bilər, amma mümkündürki, düşüncə və mahiyyət etibarilə o iç mənafelərdən də çox uzaq olsun. Ona görə də parlamentdə səslənmiş məsələ ətrafındakı müzakirələri hazırkı məqamda öz həqiqi məqsədindən yayınmış sayıram. Düşünürəm ki, bu ətrafda ümumi səfərbərolunmaya ziyan vuran elementlər ortalıqdadır. Mənim üçün ən başlıca məsələ ondan ibarətdir ki, istənilən bir dövlət məmuru, hər hansı bir vəzifə daşıyan şəxs qanunla onun qarşısında duran vəzifələri yerinə yetirmiş olsun. O ən yuxarı iyerarxiyada təmsil olunursa, bu halda dövlət başçısı tərəfindən onun qarşısına qoyulan vəzifələr reallaşdırılmalı, millət qarşısında hesabatlı olmalı, vəzifəsini həyata keçirmək üçün bütün potensialını səfərbər etməlidir. Dünyada görün nə qədər yad millətlər, ən müxtəlif etnik zümrələrin təmsilçiləri dövlətlərin müxtəlif vəzifələrində təmsil olunur. Onlar məsələlərə koreyalı, zimbabveli və ya keniyalı kimi yanaşmırlar ki. Amerikanın indiki rəhbəri Barak Obama özünü keniyalı kimi aparmır. ABŞ-ın strateji planları, siyasəti, maraqları və dünya miqyasında böyük hegemon gücü var. Bu tələblər ətrafında da fəaliyyətlərini həyata keçirirlər. Bizdə də millətçilikdən vətəndaşlığa, amma yüksək inkişaf etmiş, intellektual, millət qarşısında böyük məsuliyyətini dərk edən vətəndaşlığa keçid baş verməkdədir. Biz bu halı yaşamalı, buna üstünlük verməliyik".