.jpg)
Astara rayonunun Kijəbə qəsəbəsində qeydə alınan torpaq sürüşməsi zamanı 11 ev və sakinləri təhlükə altına düşüb. Evlərdən 3-ü - 1950-ci il təvəllüdlü Fətullayev Sabir Mirhəsən oğluna, 1961-ci il təvəllüdlü Əliyev Vaqif Abid oğluna və 1968-ci il təvəllüdlü Rəhimov Hafiz Əsgər oğluna məxsus fərdi yaşayış evləri daha çox qəzalı olduğundan onlar ərazidən köçürülüb.
Astara rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, iki evin sakinləri müvəqqəti olaraq qəsəbədəki tibb məntəqəsində, bir evin sakinləri isə qohumlarının evində məskunlaşıb. Digər evlərdə çatlar əmələ gəlib.
Əraziyə yaxın digər kənddə də təhlükəli vəziyyət yaranıb. Belə ki, rayonun Maşxan kəndində dağlıq hissədə 100 tonluq qaya parçası yerindən oynayaraq, iki metr dərinliyindən aralanıb. Ərazidə yaşayan sakinlər də hər an baş verə biləcək təhlükənin qorxusu içindədirlər.
Rayon Fövqəladə hallar komissiyasının sədri Məzahim Hüseynov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin nümayəndələri hər iki kənddə olublar: "Sənədləşdirmə işləri aparılıb. Onların müvafiq rəyindən sonra lazımi tədbirlərin görülməsi üçün qərar qəbul ediləcək. Dağətəyi ərazi olduğundan, eyni zamanda yağıntının çox düşməsi yaranmış qəzalara səbəb olub".
Sakinlər də icra strukturlarının və digər aidiyyəti qurumların müvafiq qərarını gözləyirlər.