"Ali məktəb rəhbərlərinin, sadəcə olaraq, mühafizənin təşkilində maraqları yoxdur"
İlham Hüseynli: "İstənilən ali məktəbin
imkanı var ki, məktəbin mühafizəsini təşkil etmək üçün 2-5 minlik avadanlıq alsın"
.jpg)
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev mətbuata açıqlamasında maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, 2009-cu il aprelin 30-da Azərbaycan Neft Akademiyasında baş verən qanlı hadisədən sonra mühafizə üçün müraciət edənlərin sayı artıb.
Belə ki, 60-a yaxın təhsil müəssisəsinin mühafizəsini təşkil etmək üçün sözügedən idarəyə müraciət olunub. Digər tərəfdən, M.Quliyevin açıqlamasından o da məlum olub ki, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması ilə bağlı tapşırıq verilsə də, bütün təhsil müəssisələri tapşırığa əməl etməyib.
Onu da qeyd edək ki, mühafizə xidməti ödənişlidir və mühafizənin müqabilində təhsil müəssisələri pul ödəməlidir. Nədənsə, ali məktəb rəhbərləri mühafizə işinə pul sərf etmək istəmir. Halbuki, digər məsələlərə pul tapırlar. Görəsən buna səbəb nədir?
Müstəqil iqtisadçı-ekspert İlham Hüseynli ali və orta məktəblərdə mühafizənin təşkil olunmamasının iqtisadi amillərlə bağlı olmadığını bildirdi: "Ölkədəki ali məktəblərin kifayət qədər maliyyə imkanları var. İstənilən ali məktəbin imkanı var ki, məktəbin mühafizəsini təşkil etmək üçün 2-5 minlik avadanlıq alsın. Avadanlıq almaq əvəzinə, qapıda qaravulçu qoyurlar. Qapıda mühafizəçi adı ilə duran əməkdaşların əksəriyyəti boş-boş işlərlə məşğuldur. Onlar daha çox tələbələrə baxmaq və bu kimi digər yersiz hərəkətlərlə məşğuldur. Şəxsən mən öz müşahidələrimdə daha çox belə halların şahidi olmuşam. Qənaətim də odur ki, ali məktəb rəhbərlərinin, sadəcə olaraq, mühafizənin təşkilində maraqları yoxdur. Ancaq mənə elə gəlir ki, bu işə biganə yanaşmaq olmaz. Çünki burada insan həyatından söhbət gedir. Kiçik bir biganəlik böyük hadisələrin baş verməsinə səbəb ola bilər.
Hadisə bir dəfə baş verir. Ona görə də, ciddi mühafizənin təşkilinə ehtiyac var. Heç olmasa, hadisə baş verəndən sonra onun təhqiqatını aparmaq mümkün olsun. Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə miqyasına görə o qədər dəhşətli idi ki, bunu təsəvvür belə etmək çətindir. Bu hadisə bir daha göstərdi ki, nəinki ali məktəblərdə, orta məktəblərdə də mühafizə təşkil olunmalıdır. Çünki hadisə bir dəfə baş verir".