.jpg)
Azərbaycanın kredit bazarının mövcud durumunun təhlili bir daha göstərir ki, ölkədə problemli sayılan kreditlərin həcmi yenə də artmaqda davam edir. Ekspertlərin bir çoxu burada yerli kommersiya banklarının özünün də kifayət qədər yanlışlıqlara yol verdiyi qənaətindədir.
Belə ki, Mərkəzi Bankın faiz dərəcəsinin 2 faiz olmasına baxmayaraq, bankların təklif etdiyi istehlak və digər kreditlərin orta faiz dərəcələri həddindən artıq yüksəkdir.
Borcalanların əksəriyyəti kredit faizlərini ödəyə bilmədiyindən bankların sərəncamında çoxlu sayda ipoteka yükü edilmiş əmlak, maşın, torpaq sahəsi var.
Araşdırmalar göstərir ki, indi ölkə məhkəmələrində kredit qayıtmadığına görə, girovun sahibindən alınması ilə bağlı minlərlə işə baxılır. Sonra həmin girovlar xüsusi hərraclarda satılır. Girovların çoxu mənzil və avtomobillərdir.
Respublika xammal-əmtəə birjasının baş direktoru Telman Allahverdiyev bununla bağlı İctimai Televiziyaya açıqlamasında bildirir: "Adətən girovlar mənzillər, obyektlər, müəyyən istehsal sahələri, sexlər, bağ evləri, torpaqlardır".
Belə girovların satışını təşkil edən respublika xammal-əmtəə birjasında bildirirlər ki, sahibindən alınan girovların əksəriyyəti Bakıdadır, amma bölgələrdə - Lənkəran, Mingəçevir, Şirvan, Gəncə, Yevlaxda da olur. Burda ən çox evlər, obyektlər və müəssisələr - yəni istehsal sexləri olur. Kənd təsərrüfatı rayonlarında isə əsas girov əksinə, yararlı torpaqlardır - kredit qayıtmayanda bunlar sahibindən alınır.
Məlumdur ki, problemli kreditlərin artmasının əsas səbəbi iqtisadi böhrandır. Böhrandan istifadə edib biznesini genişləndirmək istəyən iş adamları xüsusilə ehtiyatlı olmalıdır.
Ekspertlər deyir ki, bəzi sahibkarlar yaranmış ucuzluqdan istifadə edib biznesini genişləndirmək istəyir və bu məqsədlə kredit götürsələr də, satışlar onların ümidlərini doğrultmur və bankla problemlər başlayır. Krediti qaytara bilmədiyinə görə həmin vətəndaşın qoyduğu girov banka keçir.
Girovlar arasında məişət və zinət əşyaları da var. Bunlar mikrokreditləri qaytara bilməyənlərdən alınır. Qeyd edək ki, əmlak birinci hərracda satılmasa 15 %, 2-ci dəfə satılmayanda daha 25 % ucuzlaşır. Bu qiymətə də satılmayanda girov yeni sahibinə, yəni banka qaytarılır.
Lakin araşdırmalar onu da göstərir ki, son dövrlərdə hərraclar vasitəsilə bankların satışa çıxardığı maşın və torpaqların satışında müəyyən artım qeydə alınır. Buna əsas səbəb son dövrlər qeyd olunan bazarlar üzrə fəallığın artmasıdır. Xatırladaq ki, 2005-2008-ci illərdə avtomobil satışında bumun yaranması vətəndaşların böyük qisminin kreditlə avtomobil almasına gətirib çıxarmışdı.
Monitorinqlər göstərir ki, böhrandan əvvəlki bir ildə avtomobillərin 80 faizi kreditlə alınıb. Lakin böhran başladıqdan sonra kreditlərin qaytarılmasında, faizlərin ödənilməsində problemlər yarandı. Maşın bazarında fəallığın azalması isə vəziyyəti daha da pisləşdirdi. İndi isə vəziyyət bir qədər dəyişməkdədir və bankların əllərində olan maşınların satışında fəallıq artıb.
Eyni sözləri daşınmaz əmlak bazarı haqda da söyləmək olar. Xüsusən də bankların kredit ödənilmədiyi üçün müştərilərdən aldığı mənzillərin, torpaqların satış müddəti bir qədər azalıb. Xatırladaq ki, belə obyektləri dərhal satmaq üçün onlar bazara ucuz təklif olunur.
Lakin o da qeyd olunur ki, bankların sərəncamındakı əmlakların - avtomobillərin, mənzillərin bazara çıxarılması sözügedən bazarlarda qiymətlərin dəyişməsində bu və ya digər şəkildə təsirə malik deyil.