Xaçmazda benzin üstündə Standartlaşdırma Komitəsi ilə YDM rəhbərinin "davası" düşüb
.jpg)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xaçmazdakı yanacaqdoldurma məntəqələrində yoxlama aparıb və nəticədə qüsurlar aşkarlanıb. Nəticələrlə razılaşmayan məntəqə sahibləri yoxlamanın pulunun onlardan tutulmasını hələ də anlaya bilmir.
Komitənin müfəttişi Fəxrəddin Məmmədovun sözlərinə görə, ötən ilin oktyabrından bəri regionlarda yoxlamalara başlanıb. Nəticədə 50-yə yaxın yanacaqdoldurma məntəqəsi müvəqqəti bağlanıb. Komitə Quba və Xaçmazda bir qaz və beş benzinlə işləyən yanacaqdoldurma məntəqəsində reyd keçirib.
Fəxrəddin Məmmədovun sözlərinə görə, bir neçə gün əvvəl nümunə götürülüb və yoxlanıb, keyfiyyət aşağı çıxıb.
Yanacdaqdoldurma məntəqələrində isə bununla razı deyillər. Müəssisə rəhbərlərinin sözlərinə görə, yanacağın keyfiyyətinin aşağı olması onların günahı deyil. Belə ki, müəssisə yanacağı Xaçmazdakı neft bazasından alır və benzinə heç nə qatmır. Bundan başqa, sahibkarları narazı salan digər səbəb yoxlamanın haqqının onlardan tutulmasıdır.
"Benzinin yoxlanması mənim hesabıma deyil, yoxlanan tərəfin hesabına olmalıdır. Mən sifariş etməmişəm ki, kimsə gəlib benzin yoxlasın. 731 manat pulu köçürməyə imkan yoxdu, 622 manat sınaq pulu, 111 manatda ƏDV puludur" - deyə yanacaqdoldurma məntəqəsinin rəhbəri Gülağa Ağayev söyləyib.
Komitənin müfəttişi Fəxrəddin Məmmədovun sözlərinə görə, bu məbləğ komitəyə deyil, yanacağın keyfiyyətini yoxlayan laboratoriyalara ödənilir. "Şərtlərə görə, benzin üzrə 15 növ, dizel yanacağı üzrə 21 növ analizlər aparılır. Hər bir analizin özünün qiyməti var. Standartlaşdırma, Metrologiya və Patent Dövlət Komitəsi üçün 50 faiz bu laboratoriyalar endirim etdikdən sonra gəlir 635 və 620 manata gəlib çıxır. Hələ burda bu qiymətlərin içərisində nümunənin alınma qiyməti yoxdur" -deyə o bildirib.
Keyfiyyətə gəldikdə isə, Fəxrəddin Məmmədov deyir ki, komitə Xaçmaz neft bazasında da yoxlama aparıb və nəticədə heç bir keyfiyyətsiz mal aşkar edilməyib.