"Adi avtomobil sahibləri piyada qalacaq", "indicə aldığımız məlumata görə", "yollar buz bağlayacaq"...
.jpg)
Azərbaycanda bazar iqtisadiyyatı qaydaları getdikcə möhkəmlənir. Əslində bu zərurəti əksəriyyət dərk edir ki, uğurlu biznes-istehsal fəaliyyəti reklam-marketinq texnologiyasından çox asılıdır. Kim öz məhsul və xidmət növünün yaxşı reklamını təşkil edə bilirsə, lazımi uğurları qazana bilir. Əks təqdirdə isə... iflas, süqut və s. qaçılmazdır.
Xeyli vaxtdır ki, müxtəlif biznes mərkəzləri ölkə KİV-də öz reklam materiallarını yerləşdirir və təbii ki, xeyli pulların xərcləndiyi bu işin arxasında müəyyən maddi gəlirlər götür-qoy edilir.
Müxtəlif satış-istehsal mərkəzlərinin, bir qayda olaraq, audiovizual reklam mətnlərinə üstünlük verməyi, bir növ, əsas reklam üsuluna çevrilib və bu zaman iş adamlarının çap KİV-nin reklam imkanlarına hansısa səbəbdən göz yumması başqa söhbətin mövzusudur. Tək onu deyək ki, çap KİV-nin elektron KİV ilə müqayisədə daha üstün reklam imkanlarına malik olması şəksizdir və bu üstünlüyə iş adamları tərəfindən lazımi önəm verilməməsi fakt olmaqla yanaşı, iş adamlarının öz günahıdır.
Keçək əsas məsələyə. Yəqin ki, teleradio həvəskarları artıq 5-6 aya yaxın müddət ərzində Bakıdakı avtomobil satışı mərkəzlərinin reklam mətnlərilə tanış olmaq imkanına malik olub. Bu reklam mətnləri o qədər yersiz və uyğunsuzdur ki, belə reklama minlərlə pul xərcləyən iş adamlarının menecerlik qabiliyyəti, sadəcə təəssüf doğurur. Reklam mətnləri tərtib olunarkən məkan və zaman prinsipinin savadsızcasına pozulması təkcə fəlsəfi təfəkkürü olan adamların yox, həm də çox sadə insanların təəssüfünə səbəb olur. Təkcə iki fakt göstərək. Söhbət Bakıdakı avtomobil satışı mərkəzlərinin radio və televiziyalardakı reklam mətnlərindən gedir. Bəlkə də, bu mətnlərin səviyyəsizliyini və uyğunsuzluğunu müvafiq radio və televiziyalar da dərk edir. Lakin əhəmiyyət vermədən həmin mətnləri aylarla, illərlə öz efirlərində fırladırlar. Başadüşüləndir. Onlar reklam üçün müvafiq tariflərə uyğun pullarını alır və necə deyərlər, "kef edirlər". Bəs, avtomobil satışı mərkəzləri necə? Onlar belə savadsız mətnlərə görə nə qədər alıcını və potensial alıcı rəğbətini itirdiklərinin fərqinə varırmı?
Biz konkret avtomobil satış firmasının adını çəkməyəcəyik. Onlar bu gün Bakıda çoxdur. "Hunday", "Kia", "Honda", "Toyota", "Shewrolet", "Pejo", "Subaru", "Mercedes", "Ford" və s. Bizim dediklərimizdən hər kəs öz payını götürəcək.
Birinci fakt: bir reklamda deyilir: "Sinoptiklərin məlumatına görə, Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq və yəqin ki, adi avtomobil sahibləri piyada qalacaq. Ona görə də filan şirkət sizə hər cür hava şəraitində problemsiz hərəkət edən filan maşınları təklif edir, tələsin, avtomobillərin sayı məhduddur". Çox gözəl! Ancaq reklamın səsləndiyi vaxt firma sahibləri filan qədər endirimlə alıcıları cəlb edə biləcəklərini düşünürsə, səhvə yol verir. "Camaat çörəyi qulağına yemədiyinə" görə belə tələlərə düşməz. Çünki hamı yaxşı bilir ki, havaların ən sərt və yolların buz bağladığı dövr arxada qaldı. Azərbaycanda bundan sonra, ən azı, 10 ay yolların buz bağlamayacağını və adi avtomobil sahiblərinin piyada qalmayacağını hamı bilir. Kimi aldadırsınız?! Belə reklamlar beş-on gün əvvələ qədərki bir-iki aylıq dövrdə səsləndirilsəydi, biznes uğurları böyük ola bilərdi. Ancaq indi, havaların bahar nəfəsilə sürətlə isindiyi bir dövrdə hansı yolların buz bağlamasından söhbət gedə bilər? Deyəsən belə getsə, bu cür avtomobil reklamları yayın ortasında da teleradio efirlərində səslənəcək?
İkinci fakt: bir avtomobil satış mərkəzi elektron KİV-də belə məzmunlu reklam çarxını, bu məqalə müəllifinin xatırlamasına görə, artıq 5-6 aydır səsləndirir: "İndicə beynəlxalq aləmdən aldığımız məlumata görə, filan avtomobil filan reytinq göstəricisinə görə uğur qazanıb".
Sözsüz ki, bu cümlədən sonra alıcılar müxtəlif şirnikləndirici şərtlərlə həmin avtomobili almağa dəvət edilir. Diqqət edirsinizmi? 5-6 aydır həmin reklam gedir və hər dəfə də reklamın əvvəlində "indicə aldığımız məlumata görə" ifadəsi səslənir. Belə ifadə maksimum 3-5 gün, uzağı bir həftə onu dinləyənləri təsirləndirə bilər. Ancaq söhbət 5-6 aylıq bir dövrdən gedəndə "indicə" ifadəsi mənasız və aldadıcı bir taktikaya çevrilir və yəqin ki, bunu anlamayan yoxdur.
Biz iki fakt göstərdik. Faktlar çoxdur. Ancaq saysız faktları göstərmədən də suallar yaranır: "Belə reklamların mənasızlığını müəllif şirkətlər dərk etmirmi? Bəlkə, onları satışın vəziyyəti yox, reklam adı altında, sadəcə hansısa məbləğdə pulların silinməsi maraqlandırır?".
Mövzuya qayıdacağıq.