.jpg)
İran-Azərbaycan münasibətlərində gərgin proseslər yaşanmaqdadır. Bu gərginlik son vaxtlar İran tərəfindən Azərbaycana qarşı təhdidedici hərəkətlərə yol verilməsilə müşahidə olunur. Öncə İsrailin xarici işləri Avidqor Libermanın Azərbaycana səfərinə etiraz olaraq dindarların Bakıda etiraz aksiya keçirildi.
Dərhal həmin aksiyanın təşkilatçılığında İranın rolunun olması barədə informasiyalar ortaya çıxdı. Eyni vaxtda İranın Milli Neft Şirkəti Xəzər dənizindəki neft yataqlarında qazma kəşfiyyat işlərinə başladı ki, bu da Azərbaycan tərəfinə xəbərdarlıq kimi qiymətləndirildi. Ardınca İranın Ermənistandakı səfiri Əli Saqayan bəyan etdi ki, gələcəkdə Dağlıq Qarabağa yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibinin müəyyənləşməsində İranın rəyi nəzərə alınmalıdır. Bununla da İran ABŞ, Türkiyə kimi NATO dövlətlərinin öz sərhədində sülhməramlı missiya yerinə yetirməsinə imkan verməyəcəyini bildirdi. Əslində bu, Azərbaycana ünvanlanmış ismarıc idi. Çünki həmin dövlətlər Azərbaycanın Qərbdəki müttəfiqləridir. Ötən həftə İran parlamentinin deputatlarından biri Qarabağı İran ərazisi adlandırdı. Bunlar azmış kimi, İran KİV-lərində Azərbaycanı hədələyən təbliğat da aparılır. Hətta prezident Mahmud Əhmədinejadın Azərbaycanda şiəlik, narkomaniya və ya separatçılığı yaymaq üçün xüsusi konsepsiya ilə çıxış etdiyi bildirilir. Anti-Azərbaycan münasibət o qədər güclənib ki, ölkəmizin Tehrandakı səfirliyi qarşısında keçirilən piketdə Azərbaycanın dövlət bayrağını yandırıblar. Təbrizdəki Konsulluğumuzun binası isə yumurta atəşinə tutulub. Artıq iki ölkə arasında diplomatik ziddiyyətlər artmağa başlayıb. İran münaqişəli vəziyyətin dərinləşməsində maraqlı görünür. Azərbaycan isə artıq İrana baş vermiş hadisə ilə bağlı nota verib. İranın əsl niyyətinin nədən ibarət olduğunu təhlil etmək üçün politoloq Qabil Hüseynliyə müraciət etdik.
Ekspert hesab edir ki, məsələyə səbəb və nəticə kateqoriyasından yanaşsaq, İranın Azərbaycanı sionizmə qulluq etməkdə ittiham etməsi sadəcə bir bəhanədir. Əsl səbəblər isə İranın özünün dünya dövlətlərilə münasibətlərindən qaynaqlanır: "Bu problemlər də İranın nüvə proqramı, terrorçuluğa dəstək verməsilə, daxildə insan hüquqlarını pozması kimi qanunsuz hərəkətlərilə bağlıdır. Qaldı ki, İranın suverenliyimizə qəsd xarakterli addımlarına, bütün bunlar gündəmi dəyişmək, vəziyyəti qızışdırmaq, əzələ nümayiş etdirmək məqsədi daşıyır.
Əsas hədəf olaraq isə Qərb dövlətləri seçilib. Çünki həmin dövlətlər Azərbaycanda neft-qaz sektoruna sərmayə yatırıb. İran Xəzər dənizində neft və ya qaz hasilatı ilə məşğul ola biləcək texnoloji imkanlara malik deyil. İran gəmilərinin Azərbaycan sularında kəşfiyyat-qazma işləri aparmasına da imkan verilməyəcək.
O ki qaldı İranla sərhədlərimizdə sülhməramlı qüvvələrin yerləşdirilməsi nə, bu bizim iradəmizdən asılı olmadığı kimi, İranın iradəsindən heç asılı deyil. Sülhməramlı qüvvələrin tərkibinin seçilməsində Azərbaycanın da, Ermənistanında, vasitəçi dövlətlərin də rəyi nəzərə alınacaq. İran da gətirib Azərbaycanla sərhəddə, öz ərazisində Ermənistanın və ya HƏMASın hərbi bazalarını yerləşdirə bilər, bu onun suveren hüququdur.
İran qazan kimi qaynayır. Azərbaycan səfirliyinin, konsulluğunun yumurta atəşinə tutulması, bayrağımızın yandırılması azərbaycanlıların əlilə həyata keçirilir. Bu da siyasi isterikadır. İran siyasi elitasında böyük parçalanma var. Böyük qüvvələr dini lider Xamneyiyə qarşı birləşiblər. İran sanki inqilabi bir dövr yaşayır. O səbəbdən də diqqəti yayındırmaq üçün düşünüb belə kiçikmiqyaslı avantüralar tapırlar. Bu siyasi texnologiyadır, amma onu həyata keçirmək mənasızdır".
Q. Hüseynli bildirdi ki, rəsmi Bakı bu hadisələrə biganə qalmamalı və İranın səfirini çağırıb Azərbaycana qarşı təbliğat maşınının dayandırılmasını tələb etməlidir: "Azərbaycanın əlində olan texniki imkanlar İranın imkanlarından qat-qat böyükdür. Biz çox asanlıqla İranı inqilabiləşdirə və orada daxili təbəddülat yarada bilərik. Amma Azərbaycan, İranla qonşu dövlət kimi, münasibətlərin dostluq üzərində qurulmasını istəyir. Belə bir vəziyyətdə İranın atdığı addımlardan onun özü ziyan çəkə bilər".
Politoloq İran prezidentinin Azərbaycanla bağlı irəli sürdüyü təklifləri də ağlabatan hesab etmir: "Birincisi ona görə ki, Azərbaycanın 90 faizi şiə müsəlmanlardır. Görünür, Əhmədinejad Azərbaycanı yaxşı tanımır. Separatçılıq Qarabağda baş qaldırıb və bitib.
Onlara ərazicə talışlar yaxındır, o da qeyri-mümkündür. Çünki talışlar Azərbaycan əhalisilə qaynayıb-qarışıb, qohumlaşıb və yerli əhalini çox sevirlər. Ona görə də talışlar belə təxribata getməz. Qalan təxribatçı əməlləri törətməyə isə İranın gücü çatmayacaq".