Qarabağ probleminə İranda da ədalətlə baxanlar az deyil
Elə biri cənab Seyid Kazım Musəvi...
İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri: "Ermənilərin işğalçı olduğunu hamı bilir"
"Allaha şükürlər olsun ki, Azərbaycan məntəqədə hər cəhətdən inkişaf etmiş ölkədir və gündən-günə qabağa gedir".
Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslam Şurası Məclisinin Ərdəbildən olan deputatı, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Seyid Kazım Musəvi deyib.
O, Azərbaycan millətinə hörmətini ifadə edərək, azərbaycanlıların qeyrətdə və millətçilik baxımından həmişə nümunə olduğunu bildirib. İki ölkə arasında münasibətlərə toxunan Seyid Kazım Musəvi İranın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu xatırladıb: "20 yanvarda Azərbaycanın müstəqilliyi uğrunda özünü qurban verən şəhidlər bu ölkənin xalqının nə qədər şücaətli olduğunu bir daha göstərdi".
Millət vəkili Qarabağ məsələsinə də toxunub: "Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq, bunu hamı bilir. Ermənilərin işğalçı olmasından da hər kəs xəbərdardır. Azərbaycan və onun rəhbərləri, bununla belə, həmişə yüksək insani mədəniyyət nümayiş etdirərək, məsələnin sülh yolu ilə həllinə çalışırlar. Allaha şükür ki, Azərbaycanın uğurları çoxdur. Azərbaycanla Ermənistanı müqayisə etmək isə ümumiyyətlə düzgün deyil. Bilirsiniz ki, biz müsəlman ölkəsiyik və həmişə dost, qardaş, müsəlman olan Azərbaycan xalqının yanındayıq. Qarabağ probleminin çözülməsində də əlimizdən gələn köməyi etməyə hazırıq. Bütün cəhətlərdən haqq Azərbaycanın yanındadır".
Xəbər xidməti