.jpg)
Dünya futbolunda analoqu olmayan hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Şotlandiyanın "Houk Yunayted" həvəskar klubunun futbolçusu Pol Kuper 1 oyunda 6 qırmızı vərəqə alıb. Bu olay ötən ilin payızına təsadüf etsə də, Şotlandiya Futbol Assosiasiyası faktı uzun müddət gizlədib.
Qalmaqal "Houk Yunayted"in çempionat çərçivəsində növbəti matçının başa çatmasına 10 dəqiqə qalmış yaşanıb. Görüşün baş hakimi 80-ci dəqiqədə Kuperə ikinci dəfə sarı vərəqə göstərib. Avtomatik qırmızı vərəqəyə çevrilən bu cəza hücumçunun meydandan qovulması ilə nəticələnib. Lakin hakimin qərarından qəzəblənən Pol özünü saxlaya bilməyib. O, sözün əsl mənasında, dişinin dibindən çıxan hər şeyi ədalət təmsilçisinə deyib. Əvəzində, hakim futbolçuya dalbadal 5 dəfə qırmızı vərəqə göstərib.
Matçdan sonra günahını boynuna almasına, qarşı tərəfdən üzr istəməsinə baxmayaraq, Kuper cəzadan yaxa qurtarmağı bacarmayıb. Şotlandiya Futbol Assosiasiyası onu 2 illiyə diskvalifikasiya edib.