Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası: nailiyyətlər, problemlər və perspektivlər...
"Biz Almaniyanın Oldenburq Universitetilə elektron təhsil layihəsi üzərində çalışırıq"
Nəsir Nəsirli: "Boloniya prosesini institutumuzda tam əhatə edirik"
.jpg)
Böyük ənənələr üzərində qurulan müasir Azərbaycan təhsilində son illər həyata keçirilən islahatlar özünü çox müsbət istiqamətlərdən göstərir.
Milli ali təhsil sisteminin Boloniya prosesinə qoşulması isə təhsilimizin dünya təhsilinə inteqrasiya etməsindən, qaynayıb-qarışmasından xəbər verir. Artıq Azərbaycan təhsili dünya təhsil ailəsinin bir üzvünə çevrilib. Bu isə Boloniya prosesinə qoşulmağımızın nəticəsidir.
Məlum olduğu kimi, ölkəmiz 2005-ci ildə Boloniya prosesinə qoşulub və bir çox yerli ali məktəblərdə tədris bu sistemin tələblərinə uyğun şəkildə qurulub. Əksər ali məktəblər tam şəkildə Boloniya prosesini tətbiq etmir, yəni bu təhsil ocaqlarında bu prosesin tələblərinə müəyyən fakültə və kafedralarda riayət edilir.
Boloniya prosesinin tam tətbiq edildiyi hələlik yeganə dövlət ali təhsil müəssisəsi isə 2006-cı il fevralın 7-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və böyük uğurla fəaliyyətini davam etdirən Azərbaycan Turizm İnstitutudur.
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, əldə olunan nailiyyətlər, bu sahədə ortaya çıxan problemlər, görülməli işlər, təbii ki, hər bir normal vətəndaşı maraqlandırmalıdır.
Mövzu ilə əlaqədar Boloniya prosesinin tam tətbiq edildiyi Azərbaycan Turizm İnstitutunun qonağı olduq ki, bu ali məktəbin təcrübəsilə sizləri də tanış edək. Bələdçimiz isə Azərbaycan Turizm İnstitutunun turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsir Nəsirlidir.
Nəsir Nəsirli bildirdi ki, təmsil etdiyi ali məktəb, 2006-cı ildən fəaliyyətə başlamasına baxmayaraq, çox qısa zamanda dünya təhsil sisteminə inteqrasiya etməyi bacarıb. N.Nəsirlinin sözlərinə görə, Azərbaycan Respublikası 2005-ci ildə Boloniya prosesinə qoşulduğundan, Turizm İnstitutu da başdan öz işini bu prosesin tələblərinə uyğun qurub":Ona görə də biz bütün fəaliyyətimizi Baloniya prosesinin prinsipləri əsasında qurmağa çalışdıq. Bu prosesi institutda tam əhatə edirik".
Dekanın bildirdiyinə görə, Turizm İnstitutu bunun üçün Paris və Boloniya deklarasiyalarına, o cümlədən də buna aid bütün sənədlərə imza atıb. Boloniya prosesinin məqsədlərindən danışan müsahibimiz dedi ki, bunun əsas səbəbi tələbə və müəllim mübadiləsinin təmin olunmasıdır": Bunun nəticəsində də kredit sistemi meydana gəldi. Bu da ondan irəli gəldi ki, ali məktəblər bir-birinin nəticələrini hansı yolla, necə tanısın? Bu səbəbdən də Azərbaycanda kredit sistemi tətbiq olunmağa başladı və 100 ballı qiymətləndirmə sistemi tədrisə daxil oldu, bunun əsasında da hər bir fənn üçün onun tədris saatına müvafiq olaraq kreditlər müəyyənləşdirildi. Tutalım, 60 saatlıq dərs tədris olunursa, bunun üçün dörd kredit, 90 saatlıq dərs tədris olunursa onun üçün 6 kredit və s. Hər tədris saatına uyğun olaraq kredit müəyyənləşdirilir. Kreditdə əsas iki məqam özünü göstərir. Birincisi, tələbənin auditoriyada mövzu, fənn üzrə dinlədikləri, ikincisi isə o tələbənin sərbəst iş üzrə nə qədər iş görməsi, nə qədər hazırlaşmasıdır".
Boloniya prosesində önəmli xətt olan kredit sisteminin dünyanın müxtəlif ölkələrində eyni şəkildə deyil, fərqli formada tətbiq edildiyini deyən N.Nəsirlinin sözlərinə görə, bu təcrübə yerli ali məktəblərdə də davam etdirilir: "Kredit sistemi dünyada müxtəlif qaydalarda tətbiq olunur. Bizim ali məktəb əsasən Avropanın kredit sistemini qəbul elədi və bu sistemi onların standartlarına uyğunlaşdırdıq. Ona görə də bizim institutda Azərbaycanın digər ali məktəblərində tətbiq edilən kredit sistemindən fərqli bəzi məqamlar var. Məsələn, Turizm İnstitutunda tələbə 61 kredit qazanır. Bu Avropada da belədir. Ölkənin digər universitetlərində isə bu rəqəm 50-dir. Kredit məsələsini ali məktəblərin özləri müəyyənləşdirir".
N.Nəsirlinin sözlərinə görə, Turizm İnstitutu kredit sistemini Avstriyanın Krems Universitetinin tədris planına uyğun şəkildə nizamlayıb: "Bunun da səbəbi odur ki, bizim tələbələr Avstryanın Krems Universitetinin qruplarında təhsil ala bilsin. Biz o universitetin prosesini daxil elədiyimizə görə 61 krediti qəbul elədik. Düzdür, əvvəllər bunu Təhsil Nazirliyində elə də müsbət qarşılamırdılar ki, bu bizim prinsiplərdən kənara çıxır. Amma biz nəticədə ikili diplom məsələsini Nazirliyə izah edəndən sonra nazirlik bizimlə razılaşdı. Krems Universiteti bizim orada oxuyan tələbələrə diplom verəcək. Onlar Turizm İnstitutunun diplomları ilə yanaşı, Krems Universitetinin turizmin idarə edilməsi ixtisası üzrə diplomunu da alacaq. Doğrudur, bu bütün tələbələrə şamil edilməyəcək. Bunu başqa keyfiyyətlərinə görə deyil, xarici dillər bilmə qabiliyyətinə görə ala biləcəklər. Çünki orada fənlər ingilis dilində tədris olunur. Onlar özləri bizə mütəxəssislər göndərir, həmin fənnləri o müəllimlər keçir". Bizə Boloniya prosesinin əsasını təşkil edən tədris vasitələrindən biri kimi elektron təhsillə bağlı məlumat verən N.Nəsirli dedi ki, artıq dünya ali məktəblərində tələbə dərsə gəlmədən də təhsil ala bilər": Biz Almaniyanın Oldenburq Universitetilə elektron təhsil layihəsi üzərində çalışırıq. Fikrimiz qiyabi təhsil alan tələbələrə elektron təhsili tətbiq etməkdir. İstəyirik ki, onlar dərsə gəlmədən ya evlərində, ya da iş yerlərində internet vasitəsilə bizim onlara təqdim etdiyimiz fənlər, mövzular üzərində hazırlaşa bilsinlər. Telekanallardan birindən eşitdim ki, Dövlət İqtisad Universitetində də belə bir layihə üzərində işlənilir. Amma bilmirəm, onlar nə qədər buna nail olublar. Elektron tədrisin həyata keçirilməsi üçün institutda xüsusi auditoriya ayırmışıq. Orada hər dərsdə 17 tələbə məşğul ola bilər. Tələbələr üçün bu kompüterlərdə tələb olunan şərait yaradılıb və onlar internetə daxil ola, özlərinə aid tapşırığı götürə, cavab verə bilər. Hətta imtahanları da bu üsulla keçirmək mümkündür. Yəni tələbəyə sual verilir, o da cavabını yazır. Doğrudur, orada da bəzi çatışmayan cəhət var. Məsələn, bir başqası o tələbənin yerinə cavab yaza bilər. Hazırda bunun qarşısını almağın yolları araşdırılır. İlkin mərhələdə imtahanın burada keçirilməsini təmin edəcəyik ki, o hallarla rastlaşmayaq. Bizdə imtahanların hamısı yazılı aparılır. Özü də, bu ildən imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir". N.Nəsirlinin bildirdiyinə görə, təmsil etdiyi ali məktəbdə apelyasiya komissiyası da fəaliyyət göstərir ki, o da qiymətindən narazı olan tələbələrin öz iştirakı ilə onları şikayətlərinə baxılır.
İnstitutunun tələbə mübadiləsini iki istiqamətdə həyata keçirdiyini deyən N.Nəsirli bildirdi ki, onların ali məktəbi Avropa İttifaqının "Erosmobons" layihəsinin qalibi olduğu üçün Təhsil Nazirliyinin planından kənar müstəqil olaraq hər semestr 6-8 nəfər tələbəni 16 Avropa ölkəsinə göndərə bilir. Onun sözlərinə görə, institutun əməkdaşları, tədqiqatçılar, müəllimlər də xaricə gedir və o proqramlarda iştirak edir, öz təhsillərini Avropa təhsilinə uyğunlaşdırıb vətənə qayıdırlar: "Biz, bundan əlavə, Avstriyanın Krems Universiteti və Almaniyanın Oldenburq Universitetilə əməkdaşlıq edirik. Həm Almaniyadan, həm Fransadan, həm də digər ölkələrdən bura həm bakalavrlar, həm də magistrlər gəlib. Onlar öz qarşılarına qoyduqları tapşırıqları yerinə yetirənə qədər bizim tələbələrlə bərabər oxuyur və imtahanlarda iştirak edirlər. O universitetlərin göndərdiyi tələbələrin qiymətini biz qəbul edirik, onlar da bizim göndərdiklərimizin qiymətlərini qəbul edir. Artıq Avropanın 16 ali məktəbində bizim tətbiq elədiyimiz sistem məlumdur və onlar da bu sistemi qəbul edib. Çalışırıq ki, təhsilin inteqrasiyasını günün tələbləri səviyyəsində quraq.. Ümumiyyətlə, o layihənin burada bir neçə dəfə müzakirəsi keçirilib və tələbələrimizdən həmişə razılıq ediblər".
Boloniya prosesinin digər bir özəlliyindən də söhbət açan N.Nəsirlinin dediyinə görə, bu sistem tələbələrə bir çox seçim imkanları və şans verir: "Birinci kursda tələbəyə məcburi qaydada fənləri tədris edirik. Amma ikinci, üçüncü kursdan artıq tələbə öz tədris planını özü müəyyənləşdirir. Yəni hansı fənni keçəcəyini özü seçir. Düzdür, fənlər dekanlıq tərəfindən təklif edilir, ancaq onları seçməyi və hansının nə zaman keçilməyini tələbə özü müəyyən edir. Bundan əlavə, müəllim seçimində də tələbə sərbəstdir. Tutaq ki, eyni fənni müxtəlif müəllimlər tədris edir, tələbə hansı müəllimi istəyirsə, sərbəst şəkildə gedib onun dərsində iştirak edir, həmin qrupun tərkibində də imtahan verir. Tələbələrə heç bir məhdudiyyət qoyulmur. Yalnız xarici dilin tədrisi məsələsində şərt budur ki, tələbələrin sayı 15-dən artıq olmasın. Tələbənin fənn seçimi də, müəllim seçimi də sırf Boloniya sisteminin tələblərindən irəli gələn məsələdir. Təhsil müddətinin seçilməsi də tələbənin öz şəxsi arzusu ilədir. Elə tələbə var yaxşı oxuyur, o istəyirsə, təhsilini dörd ilə deyil, üç ilə başa vurur. Elə tələbə də var ki, dörd ilə çatdıra bilmədiyindən, təhsilini bir neçə il müddətində davam etdirmək üçün əvvəlcədən zəmin hazırlayır. Biz o tələbələri institutdan xaric eləmirik və onlara tapşırıqlar verilir ki, filan hissələrdə çatışmazlıqların var, onları hazırlayıb gəl, imtahan ver. Onlara şans verilir. Biz ancaq nizam-intizamı pozan tələbələri xaric edə bilərik, amma dərsi çatdırmayan tələbəni qovmuruq. Hər tələbəyə üç dəfə imkan verilir ki, çətinlik çəkdiyi fənni dinləsin, sonra imtahan versin. Bizdə akademik arayışla imtahan vermək yoxdur. Tələbənin akademik borcu qaldıqda, o həmin dərsi yenidən dinləməli, sonra imtahan verməlidir. Yalnız bu şanslardan yararlana bilməsə, tələbə xaric edilə bilər".
N.Nəsirlinin bildirdiyinə görə, elə hal olur ki, tələbə özünün ixtisasına aid olmayan fənni də öyrənmək istəyir, bu halda ona şərait yaradılır və diplom alarkən onun üzərində diplom əlavəsi də verirlir, orada tələbənin tədris müddətində öyrəndiyi ixtisas qeyd edilir.
Problemlərə gəlincə, N.Nəsirlinin dediyinə görə, ali məktəbin maddi-texniki bazası yüksək səviyyədə qurulsa da, auditoriya fondunun az olması müəyyən çətinliklər yaradır. Dekan bildirdi ki, bu çətinliyin aradan qaldırılması üçün binanın üstündə bir mərtəbə də artırmaq fikirləri var. N.Nəsirlinin sözlərinə görə, bir neçə dəfə ixtisasartırma, peşə təhsili vermə məqsədilə hazırlıq kursları təşkil ediblər":Biz bu kursları müntəzəm davam etdirə bilərik, buna potensialımız çatsa da, yerimizin azlığı bu kursları davamlı şəkildə təşkil etməyə imkan vermir. İçəri Şəhər Tarixi Memarlıq Qoruğu üçün müxtəlif xarici dil bilən "gid" bələdçilərin hazırlanması ilə bağlı bizə sifariş verilib. Biz onlara tədris planı hazırlayıb vermişik. Yerimiz olmadığı üçün onlar bizə yer də veriblər ki, gedib orada dərs keçək. Bilirsiniz ki, Azərbaycanda turizm sahəsində çalışanların əksəriyyəti digər ixtisas sahibləri, turizm təhsili almamış adamlardır. Onları tam turizm təhsililə təmin eləmək məqsədilə tələbə qəbul edirik. Düzdür, birinci il yer çatışmazlığı ucbatından 3, bu il isə 4 nəfər götürmüşük. Bunun sayını artıra da bilərik. Biz turizm ixtisası üzrə ali təhsilli şəxsləri qəbul edirik və bizim tədris planı ilə əvvəl bitirdiyi ali məktəbin tədris planını müqayisə edir, onlara sırf turizm mütəxəssisinə çevrilməsi üçün məcburi qaydada hansı dərslərin keçilməli olduğunu müəyyən edirik. Onlar kreditləri tamamlayıb təhvil verdikdən sonra bakalavr diplomu alacaqlar. Bu yüksək ixtisaslı kadrları yetişdirməyi bizdən həm də Mədəniyyət və Turizm Nazirliyi tələb edir. Biz nazirliyə müraciət göndərmişik ki, heç olmasa bu sahədə çalışan şəxslər üçün iki ildən bir kurslar təşkil edilsin, onlar öz işini nə dərəcədə bacardığını müəyyən eləmək üçün attestasiyadan keçirilsin, sonra isə onlara sənəd verilsin".
Turizm İnstitutunda tədrisin quruluşunun da digər ali məktəblərdən fərqləndiyini deyən N.Nəsirlinin sözlərinə görə, onlarda əsas üstünlük müzakirələrə və prezentasiyalara verilir: "Başqa ali məktəblərdən fərqli olaraq, qarşımıza məqsəd qoymuşuq ki, bizim institutu bitirən şəxs üç xarici dil bilməli və kompüter texnologiyasını mükəmməl öyrənməli, bundan sonra isə ixtisasının səviyyəsi yüksək olmalıdır. Çalışırıq ki, bu tip mütəxəssislər hazırlayaq. Tələbələrimizin əksəriyyəti artıq sənayedə çalışır. Hətta mehmanxanaların baş meneceri vəzifəsinə qədər yüksələn tələbələrimiz var. Bizim ali məktəbi bitirən tələbələrin heç biri işsiz qalmayacaq, onların hamısı işlə təmin ediləcək".
Turizm İnstitutunda 1113 (qiyabi və əyani) tələbə təhsil alır, institutun ilk məzunlarının sayı isə 126 nəfərdir":Biz nəzərdə tutmuşuq ki, dörd ildə bizdə təhsil alan tələbələrin sayı 1200 nəfəri keçməsin.
N.Nəsirli hesab edir ki, onların heç də hamısına diplom almaq nəsib olmayacaq. Yəni bəzi tələbələr təhsildə yüksək nəticə göstərmədiyinə görə diplomsuz qala bilər. N.Nəsirli 80-85 nəfər məzunun diplom almaq iqtidarında olduğunu və magistratura pilləsinə 30 nəfərlik sifariş verdiklərini dedi":Bir dövr təhsilimiz başa çatdıqdan sonra doktorantura və aspirantura ilə bağlı İnstitutun nəzdində ayrıca departament yaradılacaq və o işlərlə də bu departament məşğul olacaq".
Azərbaycanda qəbul olunan "Təhsil Haqqında" Qanunun milli təhsil sisteminin istənilən səviyyədə qurulması üçün şərait yaratdığını deyən N.Nəsirlinin sözlərinə görə, bundan səmərəli istifadə edilərsə, dövlətmizə lazım olan peşəkar kadrlar hazırlanması tam mümkündür":Qanun buna tam zəmanət verir".
İnstitutda yeni ixtisasların tədris ediləcəyini bildirən N.Nəsirlinin sözlərinə görə, onlardan biri qida mühəndisliyi ixtisasıdır":Bu il bu ixtisasa 15 nəfər tələbə qəbul edəcəyik. Yəqin ki, yeni laborotoriyanın qurulması məsələsi ortaya çıxacaq. Yerimiz olarsa, biz onu yüksək səviyyədə qurmağa özümüzü hazır sayırıq".
Yazı Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim edilir.